Həkim: “Həm aktiv şəkildə vaksinasiyaya qoşulsaq, həm də qaydalara əməl etsək, yoluxma azalacaq”

İnfeksionist Süleyman Kamilov

© APA | İnfeksionist Süleyman Kamilov

# 29 oktyabr 2021 15:42 (UTC +04:00)

"Azərbaycanda koronavirusa yoluxma sayında az da olsa, artım var. Ölüm halları da artır. Çünki yoluxma sayı artanda ağırlaşma və ölüm hallarında da statistik olaraq artım baş verir".

Bunu APA-ya infeksionist Süleyman Kamilov deyib.

O, yoluxma sayı artsa da, klinikalarda kifayət qədər yer olduğunu bildirib: "Bəzən reanimasiyalarda yerlər dolur. Buna görə deyirik ki, bacardığınız qədər ehtiyatlı olun, heç kəs arxayınlaşmasın ki, xəstəxanaya gedəcək, orada müalicə olunacaq. Yoluxan şəxslərdə kimin xəstəliyi ağır və ya yüngül keçirəcəyini bilmək olmur. Hazırda koronavirusun birmənalı olaraq tam təsdiqini tapmış müalicəsi yoxdur. Qorunmanın iki yolu var. Biri gigiyena qaydaları - sosial məsafə saxlamaq, fərdi qoruyucu vasitələrdən istifadə, əllərin tez-tez yuyulması, maskadan düzgün istifadə etməkdir. Digər əsas məsələ isə vaksinasiya prosesində aktiv iştirakdır. Əvvəl peyvəndlənmədə iki doza məsləhət görürdük, amma sonrakı araşdırmalar nəticəsində məlum oldu ki, birinci dozadan təxminən 14-20 gün sonra orqanizmdə immun cavab yaranır. Birinci doza xəstəlikdən tam şəkildə qorumur, bəzən ilk dozadan bir neçə gün sonra koronavirusa yoluxanlar deyir ki, vaksindən oldu. Amma bu, vaksinlə əlaqəli deyil. İkinci dozadan sonrakı qoruyuculuq müddəti isə 4-6 ay arasındadır. Uzunmüddətli və ya ömürlük qoruyuculuq yoxdur, çünki virus mutasiyaya uğrayır, bəzən bu, vaksinin də qoruyuculuğuna təsir edir. Üçüncü doza vaksin vurulmasını, həm də bu dozanın əvvəlki iki doza peyvənddən fərqli olmasını tövsiyə edirəm. Çünki bu zaman qoruyuculuq daha yüksək olur. Vaksin olunan şəxslərin reanimasiyaya düşmə halı demək olar ki, yoxdur. Həmin şəxslər xəstəliyi yüngül formada keçirir. Amma vaksinasiyadan keçib bütün qaydaları unutmaq da olmaz, vaksin yoluxmadan qorumur. O zaman fərdi qoruyucu vasitələrin istifadəsini ləğv edə, pandemiyanı sonlandıra bilərik ki, kütləvi şəkildə vaksinasiyadan keçək. Vaksin olunan şəxslər mütləq şəkildə qaydalara əməl etməlidir, çünki xəstəliyə yoluxduqda peyvənd olunmayan digərini yoluxdura, həmin şəxsin xəstəliyi ağır keçirməsinə səbəb ola bilər".

İnfeksionist qeyd edib ki, yeni ştammın özəlliyi daha sürətli yayılması və yoluxduruculuq qabiliyyətinin yüksək olmasıdır.

Onun sözlərinə görə, bununla belə, Azərbaycanda əvvəldən görülən tədbirlər yoluxma sayının artmasının qarşısını alır: "Yoluxma sayında artım olsa da, azdır. Burada söhbət hər kəsin özünü fərdi olaraq qorumasından gedir. Bütün qaydalara əməl etsək, peyvəndləməyə aktiv qoşulsaq, hər kəs üzərinə düşəni etsə, yoluxma sayında azalma müşahidə edəcəyik”.

Həkim bildirib ki, bəzən koronavirusa yoluxan şəxs evdən çıxır və ictimaiyyət arasında dolaşır: "Belə xəstənin çölə çıxması, ictimaiyyət arasında dolaşması ən azı 20-30 insanın yoluxmasına gətirib çıxarır. Bu yolverilməzdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR