Həkim: “Koronavirus ürək xəstəliyini daha da ağırlaşdırır”

Həkim: “Koronavirus ürək xəstəliyini daha da ağırlaşdırır”
# 18 avqust 2021 15:19 (UTC +04:00)

“Ürək xəstələrinin koronavirusa yoluxandan sonra xəstəliyi digər şəxslərlə müqayisədə 5 qat daha ağır keçirmək riski var”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Nazirliyin mütəxəssisi dosent, invaziv kardioloq Qalib İmanov bildirib.

Q. İmanov deyib ki, dünyadakı statistikaya görə bu cür xəstələr daha ağır keçirir, daha çox reanimasiyaya düşür: “Xəstəliyin ağır keçməsinə səbəblərdən biri də müalicədə istifadə olunan dərmanların yan təsiridir. Ürək xəstələrində virusa yoluxma ilə bağlı simptom olan kimi həkimlə məsləhət etməsini tövsiyə edirik, ilkin etapda həkimə xəbər vermək çox vacibdir. Ürək xəstəliyi olanlarda koronavirusa yoluxma zamanı xəstəlik daha da ağırlaşır”.

Həkim bildirib ki, hətta ürək xəstəliyi olmayanlarda belə virusa yoluxduqda ən çox aretmiyaların yaranması, ürək ritmi pozulması, ürək əzələsinin iltihablaşması, kəskin infarkt riski olur. Onun sözlərinə görə, ürək çatışmazlığı varsa, üzərinə koronavirus gəldikdə tromb riski yaranır və infarkt riski daha da artır: “Ürək-damar xəstələri yüksək risk qrupunda olduğu üçün daha çox vaksin olunmasını istəyirik. Bizə ən çox müraciətlərin sayı da vaksin vurdurub-vurdurmamaqla bağlıdır. Birmənalı olaraq bu cür xəstələr gecikdirmədən vaksin vurdurmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR