Heyvanlar arasında taun xəstəliyinin 2030-cu ilə qədər dünyada ləğv olunması nəzərdə tutulur

Qalib Əbdüləliyev

© APA | Qalib Əbdüləliyev

# 12 noyabr 2021 15:04 (UTC +04:00)

"Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının qaydalarına əsasən, beynəlxalq ticarət şəbəkəsi vasitəsilə diri heyvanlar və heyvan mənşəli məhsulların dövriyyəsinin təmin olunması üçün ölkəmiz bir sıra heyvan xəstəliklərindən azad statusa malik olmalıdır. Bu xəstəliklərdən biri də xırdabuynuzlu heyvanların taunu xəstəliyidir".

APA-nın məlumatına görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatının (FAO) Texniki Əməkdaşlıq Proqramı çərçivəsində FAO Baş Qərargahının ekspertlərinin iştirakı ilə keçirilən mətbuat konfransında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı bir sıra vacib işlər görülüb və hazırda bu sahədə tədbirlər davam etdirilir: "Görülən işlər çərçivəsində Agentlik əməkdaşları beynəlxalq ekspertlərlə birgə ölkə ərazisində epizootoloji və seroloji monitorinqlər keçirib və məlumatlar toplanaraq zəruri tədbirlər görülüb. Ölkələr öz ərazisinin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olmasının Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən rəsmi tanınması və xəstəlik üçün milli nəzarət proqramının təsdiqi ilə bağlı müraciət etmək imkanına malikdir. Bu xəstəlik çox sürətlə yayılır və 100 faiz tələfata səbəb ola bilir. Ən təhlükəli heyvan xəstəliklərindən biridir. Xırdabuynuzlu heyvanların taunu xəstəliyi Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Transsərhəd Heyvan Xəstəliklərinə mütərəqqi nəzarət üzrə Qlobal Çərçivəsinin 5 illik fəaliyyət planında göstərilən prioritet xəstəliklərdən biridir və 2030-cu ilə qədər dünyada ləğv olunması nəzərdə tutulur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR