İƏT OA-nın faktaraşdırıcı missiyası Şuşa, Ağdam və Tərtərdə baş verənlər barədə beynəlxalq təşkilatlara müraciət edəcək

Ombudsman Səbinə Əliyeva

© APA | Ombudsman Səbinə Əliyeva

# 18 sentyabr 2021 12:13 (UTC +04:00)

"İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının səfərinin ilk günü bir sıra rəsmi görüşlər, növbəti günlərdə isə faktaraşdırıcı missiya həyata keçirilib".

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib. Onun sözlərinə görə, nümayəndə heyətinin ilk monitorinqi Şuşa şəhərində olub:

"Şuşada sosial obyektlər, mədəniyyət abidələrinə qarşı törədilən vandalizm aktlarının monitorinqi keçirildi, foto və video çəkildi, dağıntılar qeydə alındı. Ermənilərin 30 illik işğalı dövründə həyata keçirdiyi işğalçılıq siyasəti, Şuşanın mədəni, tarixi, dini abidələri, sosial infrastrukturuna qarşı törədilən vandalizm aktları ilə bağlı qeydlər aparıldı. Eyni zamanda, nümayəndə heyəti Şuşada qısa müddət ərzində yenidənqurmanın da şahidi oldu, dövlət səviyyəsində aparılan işlərdən məmnun oldular. Şuşada toplanan faktoloji sübutlar müvafiq hesabatın hazırlanması zamanı istifadə olunacaq”.

Ombudsman deyib ki, növbəti gün faktaraşdırıcı missiya Ağdamda olub: “İƏT Ombudsmanlar Assosiasiyasının faktaraşdırıcı missiyası işğaldan əvvəl ən müasir və gözəl şəhərlərdən biri olan Ağdamın yerlə-yeksan olunduğunu, dağıntılara məruz qaldığını gördü. Ağdamda gördüyümüz vandalizm aktı, xalqın irsinin talanması danılmaz faktdır. Faktaraşdırıcı missiyanın əsas məqsədi işğaldan əvvəl ən inkişaf etmiş şəhərlərdən biri olan Ağdamın tarixi, mədəni abidələrinin dağıdılması ilə bağlı monitorinq aparmaq olub. Nümayəndə heyəti sübutlar toplamaq üçün orada olublar, biz orada olan zaman Minatəmizləmə Agentliyinin əməkdaşlarını fəxri fərmanla təltif etdik. Daha sonra nümayəndə heyəti 44 günlük müharibə dövründə ağır artilleriya və iri çaplı silahlardan ən çox hücuma məruz qalan Tərtərdə olub. Nümayəndə heyəti insan tələfatı baş vermiş və ciddi ziyan görən sosial obyektlərin monitorinqini aparıb. Faktlar müvafiq beynəxalq təşkilatlara ünvanlanacaq və beynəlxalq hüquq çərçivəsində məhkəməyə təqdim olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR