“İmarət” kompleksində ermənilərin vandallıq əməlləri barədə media nümayəndələrinə məlumat verilib - FOTO

Ağdamda “İmarət” kompleksi

© APA | Ağdamda “İmarət” kompleksi

# 04 iyun 2021 14:05 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Ağdam şəhərinə təşkil olunmuş media-tur çərçivəsində jurnalistlər Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksində olublar.

APA-nın əməkdaşı xəbər verir ki, jurnalistlər kompleksin ərazisini gəzib, ermənilərin işğal müddətində törətdiyi vandallıqların şahidi olublar.

Bildirilib ki, Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın türbələri, Xan qızı Xurşidbanu Natəvanın məzarı erməni işğalçıları tərəfindən dağıdılıb. Ermənilər işğal etdikləri digər ərazilərdəki tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarətini də təhqir edib, vandalizmə məruz qoyub, buradan tövlə kimi istifadə olunub.

Ermənilər Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi “İmarət” qəbiristanlığını da dağıdıb, kompleksin ərazisindəki mədəni-tarixi abidələrin bir neçəsini oğurlayıblar.

Qeyd edək ki, media-turun məqsədi mədəni irsin vəziyyəti ilə tanış olmaqdır.

Səfərdə media nümayəndələri ilə yanaşı, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Turizm Agentliyi, Bakı Beynəlxalq Multikultralizm Mərkəzi və digər dövlət qurumlarının əməkdaşları, arxeoloqlar iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR