İmtahanda sualları zaldan çıxarmağa cəhd edən müəllimin nəticəsi ləğv olunub

İmtahanda sualları zaldan çıxarmağa cəhd edən müəllimin nəticəsi ləğv olunub
# 14 iyul 2021 12:05 (UTC +04:00)

Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə iyulun 13-də saat 09:00 seansında riyaziyyat fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanında namizədlərdən birinin sualları imtahan zalından çıxarmağa cəhd göstərdiyi müəyyən olunub.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən APA-ya verilən məlumata görə, aparılan videomüşahidə nəticəsində namizədin Göygöl rayonu Qırıxlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Gülnar İmranova olduğu müəyyənləşdirilib, imtahan nəticəsi ləğv olunub və barəsində müvafiq cəza tədbiri görüləcək.

Eyni zamanda, imtahan rəhbəri - Gəncə şəhər 37 nömrəli tam orta məktəbin direktoru Nail İmranov və məsul nəzarətçi şəxs imtahan mərkəzindən kənarlaşdırılıb və barələrində müvafiq cəza tədbirləri görüləcək.

Qeyd edilib ki, müsabiqənin keçirildiyi dövr ərzində hər il test imtahanı mərhələsində imtahan seansları üzrə yeni sual setləri təqdim olunur və seanslar arası imtahan setlərində tapşırıqlar məzmun etibarilə bir-birindən tamamilə fərqlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR