İnsan alveri qurbanlarının müəyyən edilməsi üzrə təlim keçirilib

İnsan alveri qurbanlarının müəyyən edilməsi üzrə təlim

© APA | İnsan alveri qurbanlarının müəyyən edilməsi üzrə təlim

# 30 avqust 2021 10:04 (UTC +04:00)

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin ilkin yardım tərəfləri üçün insan alveri qurbanlarının müəyyən edilməsi üzrə təlim keçirilib.

APA-nın məlumatına görə, təlimlər USAID-in maliyyələşdirilməsi, Daxili İşlər Nazirliyi ilə birgə "İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət" layihəsi çərçivəsində keçirilir.

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev bildirib ki, COVID- 19 çərçivəsində proseslər dəyişsə də təşkilatlar işləməyə davam edir: “İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmalıyıq. Milli fəaliyyət planında da Azərbaycana dəstəyimizi davam etdirəcəyik".

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Həzi Aslanov deyib ki, Azərbaycan insan alverinin qarşının alınmasında regionda fəal siyasət yürüdən dövlətlərdən biridir: "İnsan alverinə qarşı kompleks şəkildə tədbirlərin aparılmasında ölkə başçısı tərəfindən qəbul olunmuş 2004-cü ildən 3 milli fəaliyyət planı müstəsna rol oynayıb. Hazırda 4-cü fəaliyyət planının icrası davam etdirilir. Həmin sənədlər əsasında geniş qanunvericilik bazası formalaşdırılıb. Azərbaycanda insan alveri qurbanlarının müəyyən edilməsi, sosial reabilitasiyası normativ müstəvidə təsbit edilib. İnsan alveri qurbanı olan uşaqlarla bağlı spesifik normalar müəyyənləşib. Beynəlxalq tərəfdaşımız olan BMqT DİN və İnsan Alverinə qarşı Mübarizə Baş idarəsi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə bu sahəyə mühüm töhfə verməkdədir. Milli maraqlar baxımından bu məsələyə daim həssaslıqla yanaşılıb".

USAİD-in Azərbaycan Ofisindən Dhulce Janice isə bildirib ki, bu görüş silsilə tədbirlərdən biridir: " 2015-ci ildən insan alverinə qarşı mübarizə aparmaq və qurbanlara dəstək üçün bir sıra qurumlarla işləyirik. Azərbaycan bir çox konvensiyaları ratifikasiya edib. Bu göstərir ki, Azərbaycan beynəlxalq standartları öz qanunvericiliyinə tətbiq etmək istiqamətində işlər görür. Azərbaycanla əməkdaşlıq bir çox istiqamətlərdədir. Ümid edirəm ki, bu təlimlər səmərəli, effektiv işlər görməyə imkan yaradacaq. Öyrənmə imkanı gələcəkdə kritik səviyyədə işləmə imkanı verəcək ki, həmin qurbanlara kömək edə biləsiniz".

Qeyd edək ki, təlimlər 3 sentyabra qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR