İstanbul Konvensiyasının 13-cü maddəsinin izahına həsr olunmuş vebinar keçirilib - VİDEO

İstanbul Konvensiyasının 13-cü maddəsinin izahına həsr olunmuş vebinar keçirilib - VİDEO
# 09 iyun 2021 17:31 (UTC +04:00)

Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasına (İstanbul Konvensiyasına) dair geniş ictimaiyyəti məlumatlandırmaq məqsədilə Avropa İttifaqı və Avropa Şurası Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) "Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması" birgə layihəsi çərçivəsində İstanbul Konvensiyasının xüsusi maddələrinə dair silsilə vebinarlar təşkil edilir.

APA-nın məlumatına görə, konvensiya barədə daha çox məlumat əldə etməkdə maraqlı olan hər kəs üçün açıq olan vebinarlar qadınlara qarşı zorakılıq, məişət zorakılığı və İstanbul Konvensiyası sahəsində Azərbaycanda dialoq məkanının yaradılması məqsədi daşıyır.

Bu silsilədən keçirilən ikinci vebinar qadınlara qarşı zorakılıq və məişət zorakılığı haqqında məlumatlılığın artırılmasına dair 13-cü maddəyə həsr olunub.

Vebinarda 13-cü maddənin təqdimatında İsveç, Danimarka, Portuqaliya, Fransa və Belçika kimi ölkələrin bu sahədə qabaqcıl təcrübələri yer alıb. Daha sonra sual-cavab sessiyası keçirilib. Sual-cavab sessiyasında iştirakçılar maarifləndirmədə kişi və oğlanların rolu, media ilə işin əhəmiyyəti, maarifləndirmə tədbirləri üçün zəruri resursların ayrılması və qadın təşkilatları, bərabərlik məsələləri üzrə qurumlar, milli insan hüquqları institutları və media daxil olmaqla qurumlararası əməkdaşlıq kimi məsələlərə dair suallar veriblər.

Qeyd olunub ki, məlumatlılığın artırılmasına dair 13-cü maddədə dövlətlərdən qadınlara qarşı zorakılıq və məişət zorakılığı, bu cür zorakılıqların müəyyən olunması və qarşısının alınması, fəsadları, eləcə də uşaqlara təsiri barədə geniş ictimaiyyəti məlumatlandırmaq üçün kampaniya və ya proqramlar işləyib hazırlamaq tələb olunur.

Qadınlara qarşı zorakılıq və məişət zorakılığı əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da problem olaraq qalır. Azərbaycan son illərdə qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə və onun qarşısının alınması sahəsində müəyyən irəliləyişlərə nail olub. O cümlədən, 2020-ci ilin noyabrında Məişət zorakılığı ilə mübarizəyə dair ilk Milli Fəaliyyət Planı qəbul olunub.

Bu silsilədən olan vebinarların cəmiyyətin maarifləndirilməsində böyük rolu olacağına inam ifadə olunub.

© APA | İstanbul Konvensiyasının 13-cü maddəsinin izahına həsr olunmuş vebinar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR