İTSDA sədrinin müavini: “Regionlara çalışmağa gedən tibb heyətinə əlavə məvaciblər veriləcək” – MÜSAHİBƏ

Nigar Bayramova

© APA | Nigar Bayramova

# 07 dekabr 2021 15:47 (UTC +04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramovanın APA-ya müsahibəsi:

- İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Azərbaycanda ailə həkimi institutunun formalaşması hansı mərhələdədir? İcbari tibbi sığorta haqqı ödəyənlərin ailə həkimi seçmə prosesi başa çatıb?

- İcbari tibbi sığorta çərçivəsində ailə həkimi institutunun yaradılması 2017-2019-cu illərdə Mingəçevir şəhəri, Yevlax rayonu və Ağdaş rayonunda icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirildiyi dövrdə reallaşdırılıb. 2020-ci ilin 1 yanvarından etibarən isə icbari tibbi sığortanın respublika üzrə mərhələli şəkildə tətbiqinə başlanılması ailə həkimi institutunun tədricən digər regionlarda da formalaşdırılmasına imkan yaratdı.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi, vətəndaşların keyfiyyətli, ödənişsiz və əlçatan ilkin tibbi-sanitar xidmətlərlə təmin edilməsi istiqamətində struktur dəyişiklikləri həyata keçirilib. Məqsəd ilkin tibb-sanitariya yardımı və ixtisaslaşdırılmış tibbi yardım göstərən poliklinika, qadın məsləhətxanası, həkim və tibb məntəqələri kimi dövlət tibb müəssisələrində iki xidməti bir-birindən ayırmaq və ilkin tibbi-sanitariya yardımını həyata keçirən həkimlərin müstəqil fəaliyyət göstərə biləcəyi müəssisə yaratmaqdır. Bu yeni tibb müəssisəsi isə ailə həkimlərinin fəaliyyət göstərdiyi Ailə Sağlamlıq Mərkəzi (ASM) adlanır. ASM-lərin yaradılması ilə ilkin tibbi-sanitariya yardımının keyfiyyətini artırmaq, tibb müəssisələrinin fəaliyyətini effektiv surətdə təşkil etmək, poliklinikalarda sıxlığı aradan qaldırmaq və xəstəxanaların üzərinə düşən yükü azaltmaq mümkün olacaq.
Hazırda respublika üzrə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla 200-dən çox ASM fəaliyyət göstərir. Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda isə ilkin tibbi-sanitariya yardımının effektiv təşkili istiqamətində tədbirlər görülür. Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddi Ailə Sağlamlıq Mərkəzi yaradılıb.
Paytaxtda mövcud ərazi poliklinikaları və qadın məsləhətxanalarının bazasında Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması prosesi tamamlanma mərhələsindədir. Bununla əlaqədar Bakı şəhərində ilkin tibbi-sanitariya yardımının təşkili məqsədilə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.

- İcbari tibbi sığorta sisteminin tətbiqi dövlətin səhiyyə sahəsində maliyyə yükünü hansı səviyyədə azaldıb? Qarşıdakı illərdə icbari tibbi sığorta haqları ümumilikdə səhiyyə xərclərinin təmin edilməsində hansı çəkiyə malik olacaq?

- 2021-ci il üzrə icbari tibbi sığorta fondunun gəlirləri 1 milyard 627 milyon manat, o cümlədən dövlət büdcəsindən ayırmalar 1 milyard 44 milyon manat həcmində proqnozlaşdırılıb. Dövlət büdcəsindən ayırmalara icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığortahaqqı və əhalinin sağlamlığının qorunması sahəsində bir sıra dövlət proqramlarının icrası üçün dövlət büdcəsindən ayrılan vəsait üzrə daxilolmalar aiddir.
İcbari tibbi sığortanın qeyri-dövlət maliyyə mənbələri hesabına bu istiqamət üzrə dövlət büdcəsinin maliyyə yükü 64% səviyyəsindədir. Həmçinin, dəqiq rəqəmlər maliyyə ili başa çatdıqdan sonra müvafiq hesablamalar əsasında müəyyən olunacaq.

- Müvafiq dövlət proqramları olsa da, xərçəng xəstəliyinin müalicə xərcləri və dərmanla təminatı uzun illərdir ki, müzakirə mövzusudur. Bu sahədə müalicə və dərman təminatının icbari tibbi sığorta sisteminə daxil edilməsi nəzərdə tutulurmu?

- Bildiyiniz kimi, bir çox xəstəliklərlə bağlı tibbi xidmətlər dövlət hesabına, ödənişsiz olaraq göstərilir. Onkoloji xəstələrin müalicəsi və dərmanlarla təminatı “Onkoloji yardım haqqında” qanun ilə tənzimlənir. Qanuna əsasən, ölkə vətəndaşları olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu səbəbdən sözügedən xəstəliyin müalicəsi hazırda Xidmətlər Zərfinə daxil deyil.

- Gələn ildən orqan transplantasiyası ilə bağlı yeni qanun qüvvəyə minir. Bu sahədə problemlərlə bağlı Milli Məclisdə büdcə müzakirələri zamanı da deputatların çıxışları olub. Orqan transplantasiyasının xidmətlər zərfində yerini necə görürsünüz? Bu xidmətlər zərfinə daxil edilə bilər?

- Nəzərinizə çatdıraq ki, “Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası” mövcuddur. Qaydaya əsasən, tibbi xidmətlərin Xidmətlər Zərfinə daxil edilməsi üçün müvafiq meyarlar əsas götürülür. Bunlara rəsmi statistik göstəricilərə əsasən son 5 il müddətində əhalinin ölüm, əhali arasında əlillik faizi yüksək olan, sayında davamlı artım müşahidə olunan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər və s. daxildir.

Belə ki, ilkin dövrdə Xidmətlər Zərfi ilə son 5 il ərzində əhali arasında ölüm, əlillik faizi yüksək olan, eləcə də sayında davamlı artım müşahidə olunan xəstəliklər təminata alınıb. Xidmətlər Zərfinə daxil edilən xidmətlər müvafiq meyarlara uyğun olmalıdır: tibb müəssisələri tərəfindən xidmətlərin göstərilməsi imkanları, ölkədə həmin xidmətlərin yüksək səviyyədə göstərilməsi, müəyyən dövr üçün həmin xidmətlərin göstərilməsinə dair statistik göstəricilər, onlara ehtiyaclar və s. İlkin mərhələdə orqan transplantasiyası Xidmətlər Zərfinə daxil edilməyib.

Qeyd edim ki, hər il Agentlik vətəndaşların tibb müəssisələrinə müraciətlərini araşdırır, ən çox rast gəlinən xəstəlikləri, ən çox müraciət edilən tibbi xidmətləri və Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərə ehtiyacları müəyyənləşdirir. Bütün bunların nəticəsində də Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi ilə bağlı əsaslandırılmış təklifin təqdim olunması barədə qərar verilir.

- İcbari tibbi sığorta sisteminin tətbiqi həkimlərin rayonlara üz tutmasını stimullaşdırır? İxtisaslı həkimlərin paytaxtda fəaliyyətə üstünlük verməsi, rayon və kəndlərdə həkim çatışmazlığı problemi hələ də qalırmı?

- Səhiyyənin inkişafında əsas amillərdən olan kadr təminatının yaxşılaşdırılması, kadrların təkmilləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər icra olunur. İcbari tibbi sığorta sisteminin maliyyələşmə mənbələrinin şaxələndirilməsi, səhiyyə sisteminə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi və tibb işçilərinə münasibətdə rəqabətədavamlı əməkhaqqı sisteminin tətbiq olunması da bu yöndə atılan addımlardır. Regionlarda tibb heyəti üzrə kadr təminatını gücləndirmək üçün gələcəkdə paytaxtdakı tibb müəssisələrində çalışan tibb heyətinin regionlardakı tibb müəssisələrinə cəlb olunması planlaşdırılır. Bu məqsədlə Agentlik tərəfindən səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına dəyişiklik edilərək regionlara çalışmağa gedən tibb heyətinə əlavə məvaciblərin verilməsi nəzərdə tutulub.
Əsas məqsəd regionlarda vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini və tibbi xidmətlərə əlçatanlığı təmin etməkdir. Həmçinin bu tədbir ixtisaslı həkimlərin öz sahələri üzrə məlumat mübadiləsi aparmaqlarına, əldə olunan təcrübələr nəticəsində bilik və bacarıqlarını artırmaqlarına imkan yaradacaq.
Kadr təminatını yaxşılaşdırmaq üçün “Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi Proqramı” icra olunacaq. Proqram çərçivəsində 3 layihənin həyata keçirilməsi planlaşdırılır: Xaricdə təhsil almış həkimlərimizi ölkəmizdə çalışmağa cəlb etmək; baş tibb bacılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə xarici ölkələrdə təcrübə keçməklərini təmin etmək; Biomedikal mütəxəssislər hazırlamaq.

- Koronavirus pandemiyası icbari tibbi sığorta sisteminin tətbiqinə necə təsir etdi və hansı çətinliklər yaratdı? Səhiyyə sisteminin gələcəkdə pandemiyalara hazır olması üçün müzakirələr aparılır, olanlar üzərində işlənilirmi?

- Məlumdur ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, 2020-ci ilin dekabr ayında icbari tibbi sığortanın ölkə üzrə tətbiq olunması nəzərdə tutulmuşdu. Lakin mövcud pandemiya şəraiti ilə əlaqədar tibb müəssisələrinin koronavirusla mübarizəyə cəlb olunması icbari tibbi sığortaya hazırlıqla əlaqədar müvafiq işlərin görülməsində çətinliklər yaratdı. Bütün güc pandemiya ilə mübarizəyə verildi. Agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi heyəti və maddi resursları ölkədə koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edildi. Bu səbəbdən icbari tibbi sığortanın tətbiqi 2021-ci ilin aprel ayınadək təxirə salındı.
Səhiyyə sisteminin gələcəkdə baş verə biləcək pandemiya və digər gözlənilməz hadisələrə hazırlığının təmin olunması məqsədilə tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və həkim heyəti üzrə mövcud olan kadr çatışmazlığı probleminin aradan qaldırılması yönündə mütəmadi olaraq tədbirlər görülür.
- İcbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan xidmətlərin sayı nə zaman artırılacaq və zərfə hansı xidmətlərin daxil edilməsi gözlənilir?
- “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” cədvəlinə ümumilikdə 2550 sayda tibbi xidmət daxildir. Sığortaolunan tibbi göstərişi olan hallarda Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Dəyişikliyə əsasən 2800-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır.

Xidmətlər Zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji, travmatoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər aid edilib. Həmçinin Xidmətlər Zərfində sığorta limiti tətbiq olunan tibbi xidmətlər - endoprotezləşdirmə, koxlear implantasiya ilə bağlı sığorta limitinin artırılması nəzərdə tutulub.

- Bəzi klinikalarda müəyyən tibbi xidmətlər zamanı həkimlər icbari tibbi sığorta çərçivəsində işləmədiyini qeyd edir və bunu görülən xidmət nəticəsində ödənilən məbləğin aşağı olması ilə izah edirlər. Həkimləri icbari tibbi sığorta ilə işləməyə sövq etmək üçün hansısa tədbirlər görülür?

- İcbari tibbi sığortanın ölkədə tətbiqi nəticəsində ilk dəfə olaraq səhiyyə işçilərinin əməyi xidməti fəaliyyətin iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilməyə başlayıb. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında əməyinin ödəniş sisteminin tənzimlənməsi məqsədilə Agentlik tərəfindən Qayda təsdiqlənib.

Qaydaya əsasən tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.

Qeyd edim ki, Agentlik tərəfindən səhiyyə işçilərinin əməkhaqlarının artırılması məqsədilə cari ildə Qaydaya dəyişiklik edilib. Dəyişiklik nəticəsində tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılaraq 21-ə yüksəlib.

İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr isə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Yeni dəyişikliyə əsasən, həkimlərə verilən işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləğinə tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun əmsallar tətbiq edilib. Məqsəd səhiyyə işçilərini həvəsləndirmək, vətəndaşlara keyfiyyətli tibbi xidmətlər göstərilməsinə imkan yaratmaqdır.
Nəzərinizə çatdırım ki, icbari tibbi sığortanın tətbiqindən əvvəlki vaxtla müqayisədə hazırda minimum vəzifə maaşı alan həkimin əməkhaqqısı orta hesabla 145 faiz, maksimum vəzifə maaşı alan həkimin əməkhaqqısı orta hesabla 18 dəfə artıb. Eləcə də minimum vəzifə maaşı alan qeyri-tibb heyətinin əməkhaqqısı orta hesabla 40 faiz, maksimum vəzifə maaşı alanın isə orta hesabla 9 dəfə artıb. Göstəricilərdən də göründüyü kimi, əməkhaqlarında icbari tibbi sığortanın tətbiqi nəticəsində artım müşahidə olunub. Bununla belə, gələcəkdə həvəsləndirici əlavələrin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub.

- Müəyyən vaxtlarda həkimlər əməkhaqqı və əlavələrlə bağlı şikayət edirlər. Ya ödənilmədiyi, ya da daha az verildiyini qeyd edirlər. Bu şikayətlərin səbəbi nədir, sistemdə hansı məqamlar var ki, belə hallar yaşanır?

- Qeyd edim ki, icbari tibbi sığortaya keçidlə əlaqədar Bakı, Sumqayıt və Gəncə şəhərləri, həmçinin Abşeron rayonunda TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin ştat cədvəlləri yenidən qurulduğu üçün səhiyyə işçilərinə həvəsləndirici əlavələrinin verilməsində yubanmalar var. Artıq əksər xəstəxanaların yeni ştat cədvəli təsdiqlənib və əlavələrin ödənişi təmin edilib. Yubanmaların yaranmasının digər səbəbi işin nəticələrinə görə əlavələrin hesablanması ilə bağlı reyestrlərin tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri tərəfindən Agentliyə düzgün təqdim edilməməsi və ya gecikmələrlə təqdim edilməsidir. Bu problemləri aradan qaldırmaq üçün Agentliyin Maliyyə departamenti tərəfindən regionlardakı xəstəxanaların maliyyə, sığorta, insan resursları və digər inzibati, idarəetmə sahələri üzrə çalışan əməkdaşları üçün bonusların hesablanma qaydası və illik maliyyə hesabatlarının tərtib olunmasına dair təlimlər keçirilib və proses davam edir.
Həvəsləndirici əlavələrin elektron qaydada hesablanması məqsədilə tibb müəssisələri üçün proqram təminatı istifadəyə veriləcək. Bu da öz növbəsində tibb və qeyri-tibb heyətinin aldığı yekun əməkhaqqının hansı əlavələr əsasında formalaşdığını müəyyənləşdirməyə və həvəsləndirici əlavələrin vaxtında alınmasına imkan verəcək. Əlavə olaraq Agentliyin saytında yeni xidmət - kalkulyator yaradılacaq. Kalkulyator vasitəsilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb və qeyri-tibb heyəti həvəsləndirici əlavələrini və əməkhaqlarını özləri rahat şəkildə hesablaya biləcəklər.
Qeyd olunan məsələlər öz həlini tapdıqda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.

- Tibb müəssisələrində müəyyən struktur dəyişiklikləri edilir. Bununla müsbət dinamika hiss olunur? Başqa hansı dəyişikliklər gözlənilir?

- Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar həm regionlarda, həm də Bakı, Abşeron və Sumqayıt inzibati ərazi vahidlərində tibb müəssisələrinin publik hüquqi şəxsə keçirilməsi, regionlarda olan müalicə diaqnostika mərkəzlərinin rayon və şəhər mərkəzi xəstəxanalarına birləşdirilməsi həyata keçirilir. Eyni zamanda Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb. Aparılmış struktur dəyişikliyinə əsasən, paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Qeyd edim ki, tibb müəssisələrinin həmin 11 tibb mərkəzi və 3-cü səviyyə tibb müəssisələri olan elmi tədqiqat institutu və ixtisaslaşmış tibb mərkəzlərinin ətrafında birləşdirilməsi yolu ilə yenidən təşkili həyata keçirilir.

Qeyd olunan struktur dəyişikliklərinin məqsədi tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını, maddi və kadr resurslarının səmərəli istifadəsini təmin etməkdir.

Tibb müəssisələrinin strukturunda yeni inzibati şöbə və bölmələrin yaradılması, maliyyə, təsərrüfat, insan resurslarının idarəedilməsi, sığorta fəaliyyətinin təşkili, vətəndaş müraciətləri və sənədlərlə iş, habelə digər aidiyyəti istiqamətlər üzrə vəzifə və məsuliyyət bölgüsünün aparılması kadr resurslarının fəaliyyətinin səmərəliliyinin və peşəkarlıq səviyyəsinin artmasına xidmət edir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR