“Karabakh.Center” layihəsi əsasında fotosərgi keçirilib

“Karabakh.Center” layihəsi əsasında fotosərgi

© APA | “Karabakh.Center” layihəsi əsasında fotosərgi

# 28 iyul 2021 12:24 (UTC +04:00)

27 iyulda Qarabağ Dirçəliş Fondu erməni işğalı nəticəsində Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş “Karabakh.Center” layihəsində yer alan fotoşəkillərdən ibarət sərgi təşkil edib.

Fonddan APA-ya verilən məlumata görə, “Karabakh.Center” internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.
Bu layihədə işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və videogörüntüləri yer alır. Bütün fotoşəkillər və videolar saytın "Urbisid" bölməsində yerləşdirilib. Bölmədə həmçinin memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür.

Tədbirdə QDF-in Müşahidə Şurasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırımla yanaşı, ölkədə ictimai rəyin formalaşmasında, 44 günlük müharibə ərzində Qarabağ mövzusunun daha geniş kütləyə çatdırılmasında rolu olan bir çox tanınmış ictimai simalar və KİV nümayəndələri iştirak edib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun yaradılması, məqsəd və vəzifələri, hazırkı fəaliyyət istiqamətləri , eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan "Karabakh.Center" layihəsi haqqında məlumat verib.

Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım erməni işğalı nəticəsində ərazilərimizə dəyən zərərin miqyasından danışıb. O, postkonflikt dövrünün bərpasının böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən bir proses olduğunu vurğulayaraq, bu dövrdə dövlət – özəl sektor əməkdaşlığının, vətəndaşların səylərinin Qarabağın dirçəlişinə böyük töhfə verə biləcəyini deyib.

Tədbir çıxışlarla davam edib. Sonda fotosərgi ilə yanaşı “Qarabağda Urbisid” adlı sənədli film və saytın təqdimat videosu nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR