Kommunikasiyalar keçən yanğın təhlükəli sahələrin təmizlənməsi işləri aparılır - FOTO - VİDEO - YENİLƏNİB

Kommunikasiyalar keçən yanğın təhlükəli sahələr quru ot və qamışdan təmizlənir

© APA | Kommunikasiyalar keçən yanğın təhlükəli sahələr quru ot və qamışdan təmizlənir

# 13 iyul 2021 11:38 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti və Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) kommunikasiyalar keçən ərazilərdə yanğın təhlükəli sahələrin təmizlənməsi işləri aparır.

APA xəbər verir ki, məqsəd havaların isti keçməsi səbəbindən qurumuş otluq və qamışlıq sahələrin yanğından mühafizəsini təşkil etməkdir.

Hazırda FHN və Binəqədi RİH əməkdaşları tərəfindən “Baksol” yaşayış massivində müvafiq tədbirlər həyata keçirilir, quru otlar və qamışlıq ərazi biçilərək xüsusi texnikalarla müvafiq yerlərə daşınır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin Birinci Ərazi Yanğın Nəzarət İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Rauf Qurbanov bildirib ki, son zamanlar respublika ərazisində hava şəraitinin isti keçməsi səbəbindən Dövlət Yanğın Nəzarət Xidməti tərəfindən potensial yanğın təhlükəsi olan ərazilər müəyyən edilib: “Həmin ərazilərdə kiçik bir qığılcım, siqaret kötüyündən baş verə biləcək böyük yanğınların qarşısının alınması və geniş ərazilərə yayılmasının məhdudlaşdırılması məqsədilə icra hakimiyyətlərinin aidiyyəti qurumlarının texnikaları və canlı qüvvələrini cəlb etməklə, ərazilərin yanğın təhlükəsizliyinin təmin edilməsi işləri aparılır.

Dövlət Yanğın Nəzarət Xidmətinin rəhbərliyi son vaxtlar yanğınların sayının intensivləşməsini nəzərə alaraq xüsusi əmrlər və göstərişlər verib. Bu əmr və göstərişlər sayəsində yanğınların sayı azalıb. Əmr və göstərişlərdə, əsasən, müvafiq icra hakimiyyətinin əməkdaşları tərəfindən quru otlaq ərazilərin təmizlənməsi nəzərdə tutulub. Əsasən, kommunikasiya keçən ərazilərdə kiçik yanğınların belə ciddi fəsadlar törətmə ehtimalı burada təmizləmə işlərinin aparılmasını zəruri edir. Bu cür tədbirlərin yay boyu keçirilməsi nəzərdə tutulub.

Artıq 2500 kv/metr ərazi quru ot və qamışdan təmizlənib. Gələcək günlərdə şəhərin digər ərazilərində bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR