Konstantin Pominov: "Onlar doğrudan da şəhiddirlər, onların işi müqəddəsdir"

Konstantin Pominov

© APA | Konstantin Pominov

# 27 sentyabr 2021 11:46 (UTC +04:00)

Vətən uğrunda həlak olmuş şəhidlər həyatlarını qadın, uşaq və qocaların öz torpaqlarında azad və xoşbəxt yaşamaları naminə veriblər.

APA-nın məlumatına görə, bunu Bakı və Azərbaycan yeparxiyasının mətbuat katibi, Bakıdakı "Jen-Mironosits" Pravoslav kilsəsinin baş rahibi protoierey Konstantin Pominov deyib.

Onun sözlərinə görə, 30 ilə yaxın bir müddət ərzində Azərbaycan ərazisinin 20%-i işğal altında olub. Sərhədyanı ərazilərdə çox saylı təxribatlar həyata keçirilib və belə provokasiyaların birindən sonra millətindən və dinindən asılı olmayaraq Azərbaycan xalqı birləşərək 44 günlük qurtuluş savaşına qalxdı.

"Bütün bu günlər ərzində biz Allah dua etmişik ki, bizim əsgərlərə, zabitlərə güc və səbir versin. Dua edirdik ki, Allah itirilmiş torpaqları qaytarmağa kömək etsin. Belə də oldu. Azərbaycan Qarabağı, işğal altında olan rayonları qaytardı və ərazi bütövlüyünü bərpa etdi", - K. Pominov bildirib.

O həmçinin əlavə edib ki, tarixdə iki Qarabağ müharibəsi olub, birinci ötən əsrin 90-cı illərində, ikincisi isə bir il bundan əvvəl yaşanıb: "Biz öz həyatlarını Vətən uğrunda qurban verənləri daim yaddaşımızda saxlayırıq və onlar üçün dua edirik. Onlar doğrudan da şəhiddirlər, onların işi müqəddəsdir".

K. Pominovun sözlərinə görə, bundan sonra Azərbaycanın gözəl gələcəyi var, ölkənin tək iqtisadi deyil, həm də mənəvi və mədəni inkişafı üçün böyük imkanları var.

Xatırladaq ki, bu gün Bakıdakı "Jen-Mironosits" Pravoslav kilsəsində Azərbaycan şəhidlərinin xatirəsinə dua mərasimi təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR