Konstitusiya məhkəməsi Kəlbəcərdə minaya düşərək həlak olanlarla bağlı bəyanat yayıb

Konstitusiya məhkəməsi

© APA | Konstitusiya məhkəməsi

# 09 iyun 2021 13:28 (UTC +04:00)

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Kəlbəcərdə minaya düşərək həlak olanlarla bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda deyilir:

İşğaldan azad olunmuş Kəlbəcər rayonunun Susuzluq kəndində iyunun 4-də xidməti vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində ikisi peşəkar jurnalist - Azərbaycan Televiziyasının və Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşları və biri dövlət qurumunun əməkdaşı olmaqla 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Hərbi əməliyyatlar başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçıları tərəfindən quraşdırılmış minalara düşmüş və onlardan 27-si həlak olub.

Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi ilə bağlı Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan rəhbərliyi bundan imtina edir və bununla da beynəlxalq norma və beynəlxalq öhdəlikləri, beynəlxalq hüquq müqavilələrində təsbit edilmiş yaşamaq hüququ, sərbəst hərəkət etmə hüququ, təhlükəsiz yaşamaq hüququ və digər fundamental hüquqların tələblərini kobud şəkildə pozmaqda davam edir.

Bəyənatda qeyd olunub ki, beynəlxalq ictimaiyyət bununla bağlı müvafiq tədbirlər görməli və Ermənistanın hərbi-siyasi rəhbərliyini minalanmış ərazilərin xəritələrini təqdim etməyə məcbur etməlidir:

“Beynəlxalq hüququn mühüm əsaslarından olan ədalət prinsipi insan hüquq və azadlıqlarının qorunması üçün bütün beynəlxalq ictimaiyyət tərəfindən təmin edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR