Molokanlar işğaldan azad edilmiş kəndlərinə qayıtmaq istəyir - FOTO

Göyarx kəndinin xarabalıqları

© APA | Göyarx kəndinin xarabalıqları

# 08 dekabr 2021 14:21 (UTC +04:00)

Erməni işğalı nəticəsində keçmiş Ağdərə rayonundan məcburi köçkün düşmüş molokanlar öz doğma kəndlərinə qayıtmaq üçün müraciət ediblər.

Bu barədə APA-ya Tərtər rayonunun Həsənqaya kənd icra nümayəndəsi İlqar Qasımov məlumat verib.

Onun sözlərinə görə, hətta onların bir qrup nümayəndəsi Tərtər rayonuna gələrək işğaldan azad edilmiş kəndlərinin xarabalıqları ilə tanış olublar: “Çar Rusiyası dövründə rayonun Göyarx kəndinə köçürülən 100-ə yaxın ailə Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən etnik təmizləməyə məruz qalıb. Molokanların bir qismi Rusiya Federasiyasına məcburi köç edib, onların bir hissəsi isə ölkənin müxtəlif ərazilərində köçkün həyatı yaşayıb. Hazırda isə onlar icma vasitəsilə öz doğma kəndlərini bərpa etmək istədiklərini bildiriblər”.

Kənd icra nümayəndəsi bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra molokanların əksəriyyəti onlara müraciət ediblər: “Onlar öz doğma kəndlərinə qayıtmaq niyyətindədir. Evlərini, tamamilə dağıdılmış qəbiristanlığı bərpa etmək istəyirlər”.

İ. Qasımov qeyd edib ki, Bakı şəhərində məskunlaşmış bir neçə molokan ailəsi Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qəbulunda da olub: “Bundan sonra molokanların işğaldan azad edilmiş kəndlərinin xarabalıqları ilə tanış olmalarına şərait yaradıldı. Onlar ermənilərin törətdikləri vandallıqları öz gözləri ilə gördülər. Molokanların qəbiristanlığı tamamilə yerlə-yeksan edilib, evləri dağıdılıb”.

O, daha bir qrup molokan ailəsinin Göyarx kəndini ziyarət edəcəyini vurğulayıb.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR