MDU-da Lütfi Zadənin yubileyinə həsr olunmuş “Mural art” layihəsi reallaşdırılıb

Mingəçevir Dövlət Universitetində “Mural art” layihəsi

© APA | Mingəçevir Dövlət Universitetində “Mural art” layihəsi

# 11 sentyabr 2021 17:54 (UTC +04:00)

Mingəçevir Dövlət Universitetində (MDU) Education Hub-ın təşəbbüsü ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan, keyfiyyətli təhsili simvolizə edən “Mural art” layihəsi həyata keçirilib.

Bu barədə APA-ya Mingəçevir Dövlət Universitetindən məlumat verilib.

Bildirilib ki, MDU, Gənclərin İnkişafı və Karyera Mərkəzi və Şərqi Avropa Təhsil Şəbəkəsinin birgə əməkdaşlığı formatında reallaşdırılan layihə dünya şöhrətli azərbaycanlı alim, süni zəka araşdırmaçısı, Kaliforniyadakı Berkeley Universitetinin kompüter elmləri üzrə əməkdar professoru Lütfəli Rəhim oğlu Ələsgərzadənin (Lütfi Zadə) 100 illik yubileyinə həsr olunub.

Universitetin divarını bəzəyən Muralda Lütfi Zadənin rəsmi ilə yanaşı, onun dünyaca məşhur qeyri-səlis məntiq nəzəriyyəsini, eləcə də hərtərəfli inkişafda təhsilin önəmini, ömürboyu təhsili, yaradıcılığı və kamilliyi əks etdirən bir sıra fəlsəfi illustrasiyalar yer alıb.
Qeyd edək ki, tələbə və əməkdaşların hərtərəfli inkişafına xüsusi önəm verən MDU-da təhsil ilə “Mural art”ın sintezini nəzərdə tutan layihənin reallaşdırılmasında başlıca məqsəd gənclərin daha da həvəsləndirilməsi, maraq və motivasiyasının gücləndirilməsi, divar rəsmləri vasitəsilə onlar arasında yeniliyin və kreativliyin təbliğ edilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR