Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün qrant alacaq şəhərlərin elan edilməsi mərasimi keçirilib

Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün qrant alacaq şəhərlərin elan edilməsi mərasimi keçirilib
# 12 noyabr 2021 12:36 (UTC +04:00)

"EU4Culture" layihəsi çərçivəsində Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün 30 000 avro qrant alacaq üç seçilmiş şəhərin elan edilməsi məqsədilə mükafatlandırma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə Aİ-nin Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxış edib.

"Mədəni irs bizim üçün universal dəyərdir, bu irsi qorumaq və gənc nəsillərə ötürmək bizim borcumuzdur. Mədəni sahədə əməkdaşlıq xalqlar arasında əlaqələri yaxınlaşdırmaq üçün vacibdir. Aİ-nin siyasətində mədəniyyət diplomatiyası hər zaman vacib hissə olub, Azərbaycan və Aİ arasında bu sahədə uğurlu əməkdaşlıq var. Mədəniyyət sahəsində əməkdaşlıq mədəniyyətlərarası əməkdaşlığı gücləndirir", - deyə Peter Mixalko deyib.

O bildirib ki, mədəniyyət və turizmə dəstək iqtisadi böyüməyə də müsbət təsir edir. "Mədəniyyət Aİ-nin hər zaman gündəliyində olub və biz Azərbaycandakı mədəniyyət sahəsindəki fəaliyyətlərə dəstək olub".

Aİ Nümayəndəliyinin rəhbəri deyib ki, Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq nəticəsində bir sıra uğurlu layihələr reallaşdırılıb: "Biz Aİ-nin mədəniyyət sahəsində idarəçilik təcrübəsini paylaşmaqda maraqlıyıq”.

Regional proqramın 2021-ci ilin iyunda başladıldığını qeyd edən Peter Mixalko bu layihənin iştirakçı ölkələrdə mədəniyyətlərarası dialoqa və əməkdaşlığa töhfə verəcəyinə inandığını vurğulayıb.

Daha sonra Mədəniyyət Nazirliyinin şöbə müdiri Ramil Abubəkirov çıxış edib. O bildirib ki, Azərbaycan yeganə ölkədir ki, bu layihəyə 8 şəhəri müraciət edib, digər ölkələrdən olan şəhərlərin sayı daha az olub. O bildirib ki, Azərbaycan və Aİ arasında mədəniyyət sahəsində uğurlu əməkdaşlıq var.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Turizm Siyasəti və Strategiyası Departamentinin rəhbəri Məhəmməd Muradov layihənin vacibliyi barədə danışıb. O, bu layihənin turizmə də müsbət töhfə verəcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, 2024-cü ilə qədər davam edəcək layihəyə Aİ ümumilikdə 7.8 milyon avro vəsait ayırıb. Bu vəsait "Şərq Tərəfdaşlığı" ölkələri arasında bərabər bölünəcək.

Azərbaycanda seçilmiş olan şəhərlər isə öz Mədəni İnkişaf Strategiyalarını hazırlamaq üçün 30 000 avro qrant alacaq. Müsabiqənin yekun mərhələsində bu 3 şəhərdən biri öz strategiyasını həyata keçirmək üçün 300 000 avroya qədər qrant alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR