Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının iclası

© APA | Məhkəmə-Hüquq Şurasının iclası

# 27 oktyabr 2021 18:08 (UTC +04:00)

Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

MHŞ-dən APA-ya verilən məlumata görə, islasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov bu ərəfənin əlamətdar bayramlara təsadüf etdiyini, bir neçə gün öncə müstəqilliyimizin bərpasının 30-cu ildönümünün qeyd edildiyini, habelə qarşıdan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizin təcəssümü olan Zəfər Gününün gəldiyini bildirib.

Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin məruz qaldığı hərbi təcavüz, daxili anarxiya və hərc-mərclik, vətəndaş müharibəsi təhlükəsinin real xarakter aldığını xatırladan Şuranın sədri dövlətçiliyimizin yenidən itirilməməsi üçün xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə respublika rəhbərliyinə qayıtdığını vurğulayıb. Dahi öndərin xilaskarlıq missiyası, cəsarətli və sarsılmaz iradəsi nəticəsində xalqımız və dövlətimiz üçün böyük təhlükələrin qarşısı alınaraq müstəqilliyimiz dönməz və əbədi xarakter alıb.

Məhz Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin möhkəmlənməsi, ölkəmizin sürətli tərəqqisi, nəhəng enerji, nəqliyyat və digər layihələrin gerçəkləşməsi, misilsiz diplomatik uğurlar və qüdrətli ordu quruculuğu Vətən müharibəsində tarixi qələbəmizi şərtləndirib.

Azad edilmiş torpaqlarımızda cənab Prezidentin rəhbərliyi və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri ilə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, infrastruktur layihələrin uğurla icrası, dini və mədəni abidələrimizin bərpası dövlətimizin qüdrətini və möhkəm iqtisadi potensialını nümayiş etdirir.

Şurada dövlət başçısının növbəti onillikdə ölkənin sosial-iqtisadi tərəqqisinin davamlılığı, inklüziv cəmiyyətin və müasir innovasiyaların inkişafı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışı təmin etmək məqsədilə təsdiq etdiyi «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin» əhəmiyyəti bildirilib. Onun məhkəmə fəaliyyətində şəffaflığın artırılması üzrə qarşıda qoyduğu mühüm vəzifələrlə bağlı tədbirlər qeyd edilib.

Son dövrlər bu sahədə görülən işlər, habelə məhkəmə icraatı zamanı çevikliyin təmin edilməsi, süründürməçilik və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə yeni qanunların qəbulu, o cümlədən mülki-prosessual qanunvericiliyə mütərəqqi dəyişikliklərin edilməsi, elektron sistemlərin məhkəmə icraatında geniş tətbiqi, yüksək texnoloji - «hi-tech» məhkəmələrin inşası diqqətə çatdırılıb, yeni fəaliyyətə başlamış mediasiya institutunun əhəmiyyəti vurğulanıb.

Şurada məhkəmə sistemində şəffaflığın artırılması və hakimlərin müstəqilliyinin möhkəmləndirilməsi üzrə, habelə bu sahədə beynəlxalq tərəfdaşların, o cümlədən Avropa Şurasının tövsiyələrinə uyğun olaraq əlavə tədbirlər müəyyən edilib.

İclasda həmçinin hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə Şura tərəfindən təsdiq edilmiş yeni Qaydalara uyğun olaraq cari ildə 117 hakimin fəaliyyətinin qiymətləndirildiyi, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq işdə dönüş yaratmaları üçün 6 ay vaxt verildiyi, 3 nəfərin isə səlahiyyətlərinə xitam verildiyi bildirilib.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydalarının yeni qanunvericiliyə uyğun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib. Bu ilin sonunadək fəaliyyətlərinin qiymətləndirilməsi nəzərdə tutulmuş daha 120 hakimlə bağlı hərtərəfli təhlillərin aparılması və nəticələrin Şuranın iclasına çıxarılması üzrə konkret tapşırıqlar verilib.

Şuranın iclasında qanunvericiliyin tələblərinin, çəkişmə prinsipinin və icra intizamının pozulmasına, süründürməçiliyə yol verildiyinə və digər nöqsanlara görə birinci instansiya və apellyasiya məhkəmələrinin 5 hakiminin intizam məsuliyyəti məsələsinə baxılıb, eyni xarakterli pozuntulara görə bir sıra hakimlər barədə intizam icraatları başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR