Mehriban Vəliyeva: “Yeni tədris ilində Bakıda 471661 şagird təhsil alacaq”

Mehriban Vəliyeva

© APA | Mehriban Vəliyeva

# 16 sentyabr 2021 17:08 (UTC +04:00)

“Yeni tədris ilində 471661 şagird Bakıda təhsil alacaq, 28167 müəllim onların təlim-tədrisi ilə məşğul olacaq”.

APA-nın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, builki tədris ilində Bakıda 2 yeni məktəb istifadəyə verilib: "Yeniliklərdən biri də budur ki, yeni tədris ilindən həftədə 1 saat "Zəfər tarixi" dərsi keçiriləcək. İkinci məsələ, əyani tədrisə başlamaqdır. Çalışacağıq ki, bütün karantin qaydalarına əməl edilsin ki, əyani tədris davamlı olsun. Bunun da əsas məsələlərindən biri vaksinləşmədir. Artıq Bakı məktəblərində 90 faizə yaxın vaksin olunan təhsil işçisi var. Yeni tədris ili üçün sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib. Pandemiya dövründə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri üzrə 447843 şagird və 27293 təhsil işçisi qeydiyyatdan keçərək onlayn dərslərə cəlb olunmuşdu".

İdarə müdiri deyib ki, 2020-2021-ci tədris ilində 16040 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR