Məktəblərdə günüuzadılmış qrupların təşkili qaydası müəyyənləşib

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 18 may 2021 13:31 (UTC +04:00)

Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydası təsdiq edilib.

APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Kollegiyası qərar verib. Qərara əsasən, bu Qayda dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkilini tənzimləyir. Qrup ibtidai sinif şagirdlərinin proqram materiallarını səmərəli mənimsəmələrinə, təlim nailiyyətlərinin yaxşılaşdırılmasına, dünyagörüşünün formalaşdırılmasına, idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə məktəbdə yaradılacaq.

Qrupun komplektləşdirilməsi qaydasında bildirilir ki, qrup məktəbin tədris - maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunacaq.

Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçiriləcək. Şagird qrupa tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul edilir və hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdiriləcək. Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.

Qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil ediləcək və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınacaq.

Qrupda məşğələlər sentyabrın 15-dən iyunun 14-dək aparılaparılacaq, tətil müddətləri ibtidai siniflərin tətil günlərinə uyğun, qrupda həftəlik dərs norması isə 30 saatdan çox olmayaraq müəyyən ediləcək.

Tədris ili ərzində şagirdlərin qrupdan çıxması ilə bağlı qrupda şagird sayının azalması onun fəaliyyətinin davam etməsinə təsir göstərməcək.

Qrupda məktəbdəki növbəlilikdən asılı olaraq dərsdən sonrakı və ya dərsdən əvvəlki vaxtlarda şagirdlərin proqram materiallarını səmərəli mənimsəmələrinə dəstək məqsədilə ev tapşırıqlarının yerinə yetirilməsinə istiqamət veriləcək; şagirdlərə müstəqil öyrənmə bacarıqları aşılanacaq; cütlükdə və kiçik qruplarda öyrənmə təmin ediləcək.

Şagirdlərin idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə qrup otağındakı müvafiq dəstəkləyici mühit (əyani vasitələr, manipulyativlər, İKT vasitələri və s.) vasitəsilə biliyə və elmə maraq yaradılacaq; qrupda ünsiyyət və davranış mədəniyyəti formalaşdıran inkişafetdirici mühit təmin ediləcək; sərgilər, səhnəciklər, mütaliə saatları təşkil ediləcək.

Şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılmasına dəstək məqsədilə məntiqi və tənqidi təfəkkürünün inkişaf etdirilməsinə yönələn öyrədici oyunlar, fiziki aktivliyi təmin edən hərəki oyunlar və idman yarışları təşkil ediləcək.

Şagirdlərin dünyagörüşünün formalaşdırılmasına dəstək məqsədilə şagirdlərin yaş səviyyəsinə və maraq dairələrinə uyğun disputlar, müzakirələr təşkil ediləcək.

Qrup beşgünlük iş həftəsi ilə fəaliyyət göstərəcək, onun iş rejimi məktəbin direktorunun əmri ilə təsdiq ediləcək. Məktəbin direktoru qrup üçün lazımi şərait yaradılmasına və qrupda təlim-tərbiyə işinin ümumi təşkilinə, uşaqların sağlamlığı və onların təhlükəsizliyinə məsuliyyət daşıyacaq. Məktəb direktorunun təlim-tərbiyə işləri üzrə müavini tərbiyəçilər ilə metodiki işi təşkil edir, şagirdlərin ev tapşırıqlarının yerinə yetirilməsinə, istirahətinə və qrupda nəzərdə tutulmuş sənədləşmə işlərinin aparılmasına rəhbərlik və nəzarət edəcək.

Tərbiyəçi qrupda şagirdlərin tədris tapşırıqlarını yerinə yetirməsinə istiqamət verəcək; hər bir şagirdin fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alaraq dərsdənkənar və asudə vaxtlarını tənzimləyəcək; şagirdlərin qrupda olduğu müddətdə davamiyyətinə, onların təhlükəsizliyinə və sağlamlıqlarına məsuliyyət daşıyacaq; qrupun jurnalını və nəzərdə tutulmuş digər sənədləşmələri müntəzəm aparacaq; təsdiq edilmiş iş rejiminə uyğun digər tədbirləri həyata keçirəcək.

Şagirdlərin ev tapşırıqlarının yerinə yetirilməsinə istiqamət və dəstək vermək, onların texniki yaradıcılığını, estetik və fiziki tərbiyəsini həyata keçirmək məqsədi ilə məktəbin direktorunun əmri ilə qrupun işinin təşkilinə məktəbin digər mütəxəssisləri (uşaq birliyinin rəhbəri, psixoloq, dərnək rəhbərləri) cəlb edilə bilərlər. Qrupda şagirdlərin hərəkət aktivliyi (gəzinti, hərəkətli və idman oyunları) təmin ediləcək. Əlverişli hava şəraitində açıq havada gəzintinin və məşğələlərin müddəti ən azı 1 saat təşkil edəcək.

Qrupun şagirdləri məktəbin emalatxanasından, kitabxanasından, idman və akt zallarından, digər tədris otaqlarından istifadə edə biləcəklər. Qrupun şagirdlərinə tibbi xidmət məktəbdəki tibbi xidmət işçiləri tərəfindən göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR