Məşhur azərbaycanlı arxeoloq vəfat edib

Məşhur azərbaycanlı arxeoloq vəfat edib
# 06 iyul 2021 09:34 (UTC +04:00)

İyulun 4-də Moskvada həmyerlimiz, dünya şöhrətli arxeoloq Rauf Maqomedoviç Munçayev ömrünün 93-cü ilində vəfat edib.

Bu barədə APA-ya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib.

Rauf Munçayev 1928-ci il sentyabrın 23-də Zaqatalada anadan olub. Onun uşaqlıq və yeniyetməlik illəri bu şəhərdə keçib. Zaqatalada rus məktəbində orta təhsil alıb. 1945-49-cu illərdə Dağıstan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində, 1949-1953-cü illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət İnstitutunun (indiki Arxeologiya İnstitutu) aspiranturasında arxeologiya ixtisası üzrə təhsil alıb. 1953-cü ildə tarix elmləri namizədi, 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Ötən əsrin 60-cı illərində R.Munçayev ardıcıl olaraq Əfqanıstan, Bolqarıstan, Hindistan və Monqolustanda arxeoloji qazıntılarda iştirak edib. O, 1969-cu ildən 2010-cu ilədək qədim Mesopotamiya abidələrini tədqiq edən ilk Sovet-Rusiya arxeoloji ekspedisiyasının rəhbəri olub. Bu ekspedisiya 1985-ci ilə qədər İraqda, 1988-2010-cu illərdə isə Suriyada e.ə. VIII-III minilliklərə aid abidələrdə arxeoloji qazıntılar aparıb. Qeyd etmək lazımdır ki, ekspedisiyanın rəhbəri olan R.Munçayevin səyləri nəticəsində onun Azərbaycandan olan yaxın dostu və həmkarı İdeal Nərimanov da bu ekspedisiyanın tərkibinə daxil edilib.

R.Munçayevin elmi yaradıcılığında Azərbaycan abidələrinə çox tez-tez müraciət olunub. Naxçıvan, Qarabağ, Gəncə-Qazax, Muğan, Quba-Xaçmaz bölgələrində yayılmış neolit-tunc dövrü mədəniyyətləri R.Munçayevin əsərlərində dəfələrlə işıqlandırılıb. Hələ sovet dövründə nüfuzlu nəşr olan Böyük Sovet Ensiklopediyasında R.Munçayevin Azərbaycanın arxeoloji abidələri barədə məqalələri nəşr edilib. O illərdə R.Munçayev tez-tez Azərbaycana elmi ezamiyyətlərə gəlir, burada aparılmış arxeoloji qazıntıların nəticələri ilə yaxından maraqlanır və Azərbaycandan olan həmkarları ilə birgə elmi məqalələr nəşr etdirirdi.

R.Munçayev görkəmli alim olmaqla yanaşı, həm də çox bacarıqlı, yorulmaz elm təşkilatçısı olduğunu əməli fəaliyyəti ilə sübut edib. O, 20 ildən artıq bir müddətdə (1968-1991) SSRİ kimi nəhəng bir ölkənin Elmlər Akademiyasının Arxeologiya İnstitutu direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışıb. 1991-1994-cü illərdə artıq Rusiya EA-nın Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra edib, 1994-2003-cü illərdə isə həmin institutun direktoru vəzifəsində işləyib. R. Munçayev bu vəzifələrdə çalışdığı uzun illər ərzində Sovet-Rusiya arxeologiya elminin inkişafında, tədqiqatların genişlənməsində, elmi kadrların yetişməsində müstəsna xidmətlər göstərib.

Dünya şöhrətli arxeoloq R.Munçayev gərgin və məhsuldar elmi fəaliyyətinə görə Rusiya Federasiyasının bir sıra mükafatlarına layiq görülüb. Belə ki, o, 1998-ci ildə “Dostluq” ordeni, 2005-ci ildə “Kazanın 1000 illiyi xatirəsinə” medalı, 2009-cu ildə “Şərəf” ordeni ilə təltif edilib. R. Munçayev 1982-ci ildə Dağıstan Respublikasının, 1989-cu ildə Rusiya Federasiyasının, 2008-ci ildə İnquşetiya Respublikasının Əməkdar elm xadimi fəxri adlarına layiq görülüb, 2013-cü ildə isə Çeçenistan Respublikasının Elmlər Akademiyasının fəxri akademiki seçilib. Görkəmli alim Qədim Mesopotamiyanın tədqiqində göstərdiyi xüsusi xidmətlərə görə 1999-cu ildə Rusiya Federasiyasının elm və texnika üzrə Dövlət Mükafatına layiq görülüb. R. Munçayev 1985-ci ildən Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü, 1990-cı ildən isə İtaliyanın Afrika və Şərq İnstitutunun müxbir üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR