Milli Məclisin sədri "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova, "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüş

© APA | Milli Məclisin sədri Sahibə Qafarova, "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüş

# 17 iyul 2021 17:49 (UTC +04:00)

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsində sağlamlıqlarını itirmiş qazilərdən ibarət "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, S. Qafarova deyib ki, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıqlarını itirmiş qəhrəman insanlarımızla görüşmək qürurvericidir.

Spiker qeyd edib ki, onlar döyüş meydanlarında göstərdikləri hünəri bu gün idman meydançalarında davam etdirərək doğma Qarabağımızın adını daşıyan futbol komandası kimi beynəlxalq yarışlarda uğurlar qazanırlar. S. Qafarova deyib ki, 44 günlük Vətən müharibəsində xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək 30 illik erməni işğalına son qoyub, ölkəmizin ərazi bütövlüyünü bərpa edib: “Şəhidlərimizin xatirəsini ehtiramla anırıq. Yaralananlara Allahdan şəfa, qazilərimizə möhkəm can sağlığı diləyirik. Heç bir xəsarət, ağrı-acı insanlarımızı ruhdan sala bilməyib. "Qarabağ Ampute Futbol Klubu" üzvlərinin göstərdiyi nümunə buna parlaq misaldır”.

Tədbirdə çıxış edən "Qarabağ Ampute Futbol Klubu"nun icraçı direktoru Abbas Yusifov, komandanın kapitanı Çingiz Məmmədov, baş məşqçi Ramil Həbibov, təsisçi Cəmilə Abdullayeva klubun fəaliyyəti, futbolçuların əldə etdiyi nailiyyətlər, gələcək planları barədə ətraflı məlumat veriblər.

Parlamentin sədri klub üzvlərini düşündürən məsələlərlə maraqlanıb, onlara uğurlar diləyib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR