MM-də tibbi xidmətlərin dəqiq tariflərinin müəyyənləşdirilməsi təklif olunub

MM-də tibbi xidmətlərin dəqiq tariflərinin müəyyənləşdirilməsi təklif olunub
# 15 oktyabr 2021 12:19 (UTC +04:00)

“Əhalinin sağlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliklərdə qiymətlərlə bağlı tariflər dəqiq müəyyənləşdirilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, layihədə qiymətlərin aidiyyəti qurumlar tərəfindən müəyyənləşdiriləcəyi deyilir: “Burada isə qurumların sayı çoxdur. Ola bilər ki, qiymətlərdə fərqli tariflər təqdim olunsun. Buna görə də bu layihədə tariflər dəqiq müəyyənləşdirilsin. Digər məqam sığorta olunmayan vətəndaşlarımızla bağlıdır. Zərfə daxil olan və daxil olmayan xidmətlərlə bağlı da problem var. Zərfə daxil olmayan xidmətlər vətəndaşlar tərəfindən ödəniləcək. Bu, sui-istifadə hallarına gətirib çıxaracaq. Çünki zərfə daxil olan xidmətlərlə bağlı qiymətlər aydın deyil. Səhiyyə müəssisələri tərəfindən bu xidmətlər zərfə daxil olmayan kimi göstərilə bilər. Zərfə daxil olan xidmətlər aydınlaşdırılmalı, sərhədlər müəyyənləşdirilməlidir. Digər tərəfdən, zərfə daxil olmayan xidmətlərə görə ödənişlərin hara daxil olacağı müəyyən olunmalıdır. Bu vəsaitdən səhiyyə xidməti, yaxud müvafiq icra hakimiyyəti orqanı tərəfindən xərclənəcəyi aydın deyil. Xəstəxanalar və səhiyyə müəssisələrinin durumunun maliyyə baxımdan daha da yaxşılaşması ilə bağlı təklif olunan dəyişikliklər təsir göstərə bilər, amma sui-istifadə hallarına da yol aça bilər. Buna görə də layihəyə olan təkliflər daha aydınlaşdırılmalıdır”.
Deputat Aydın Hüseynov da layihədə xidmətlərin vahid tarifinin müəyyənləşdirilməsini təklif edib.

Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək. Qeyd olunub ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik icbari tibbi sığorta ilə əhatə olunmayan və dövlət tibb müəssisələri üzrə əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin təsdiq edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb.
Qanun layihəsi “Tibbi sığorta haqqında” qanuna uyğun olarsa, xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin, habelə həmin qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), digər tibb müəssisələrinə münasibətdə isə tabe olduqları dövlət orqanları (qurumları) tərəfindən təsdiq edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR