“Mobil notariat” tətbiqinin 200 minə yaxın istifadəçisi var

“Mobil notariat” tətbiqinin 200 minə yaxın istifadəçisi var
# 08 dekabr 2021 16:12 (UTC +04:00)

“Mobil notariat” tətbiqi ən uğurlu innovasiyalardan biridir.

APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.

Onun sözlərinə görə, “Mobil notariat” tətbiqi vasitəsilə evdən çıxmadan, istənilən yerdə bir sıra notariat məsələlərini həll etmək mümkündür.

İdarə rəisi vurğulayıb ki, mobil tətbiqə xeyli yeni imkanlar əlavə olunub: ““Mobil notariat”ın 200 minə yaxın istifadəçisi var. Hər gün 500-dən artıq ayrı-ayrı sənəd bu mobil tətbiq vasitəsilə rəsmiləşdirilir”.

Ağakərim Səmədzadə qeyd edib ki, elektron sistemlər 3 qrupa bölünür - elektron məhkəmə, elektron əhali və elektron mülki dövriyyə: “24 müxtəlif orqanın 40-dan çox qurumu elektron informasiya sisteminə inteqrasiya olunub. Sistemin əsas üstünlüyü odur ki, bütün məsələlər vahid pəncərə ilə həll olunur. Artıq notariusa gələndə vətəndaşdan sənəd istəmirik, bütün məlumatlar sistemdən götürülür. Yalnız şəxsiyyət vəsiqəsi ilə bütün məlumatlar əldə edilir”.

İdarə rəisi onu da deyib ki, 2016-cı ildən notarius vergi agenti qismində daşınmaz əmlakın özgəninkiləşdirilməsinə görə, 240 milyon məbləğində vergi dövlət büdcəsinə ödənilib. Bu, orta hesabla illik 49 milyon manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR