Mütəxəssis: "Qrip peyvəndi hər il oktyabrda vurulmalıdır"

Zakir Quliyev

© APA | Zakir Quliyev

# 07 dekabr 2021 11:08 (UTC +04:00)

“Qrip, ya da tibbi adıyla influenza, hər il dünyada təxminən 2-5 milyon insana yoluxan, 250 mindən çox insanın isə ölümünə səbəb olan influenza virusunun törətdiyi bir infeksion xəstəlikdir”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Zakir Quliyev deyib. O bildirib ki, xəstəliyə səbəb olan influenza virusunun (H3N2 ) quruluşu asanlıqla dəyişir: “Virusun tərkibinin asanlıqla dəyişməsi bizim xəstəliyə hər il yoluxmamızın səbəbidir. Tarixdəki bilinən ən böyük qrip epidemiyalarından biri Birinci Dünya Müharibəsi zamanında qeyd olunan və müharibənin özündən daha çox ölümə səbəb olan İspan qripidir. 2009-cu ildə Meksikadan başlayıb dünyaya yayılan ən son pandemiyaya isə H1N1pndm (Donuz qripi) virusu səbəb olub.
Qri, ani başlayan hərarət, öskürək, boğaz ağrısı, baş ağrısı, burun axıntısı, əzələ və oynaq ağrıları ilə seyr edilir. İnfluenza virusu yuxarı və aşağı tənəffüs yollarında artıb çoxalır və hüceyrələrin nekrozuna səbəb olur. Qısa bir inkubasiya dövründən sonra temperatur yüksəlir, baş ağrısı, halsızlıq, iştahsızlıq ilə özünü göstərir. Ağrı daha çox alın, gicgah nahiyəsində, qaşların üstündə, göz almalarında və bəzən beldə müşahidə olunur. Oynaq, əzələ ağrıları xəstəni olduqca halsız edir. Temperatur 38 dərəcə və daha yüksək ola və bir neçə gün davam edə bilər. Xəstədə boğaz ağrısı, burun axıntısı, əvvəlcə quru, sonra selikli öskürək, səsin qalınlaşması, gözlərdə konyuktivaların qızarması, müayinə zamanı yumşaq damaqda və udlaqda səpkilər müşahidə olunur. Öskürək hətta hərarət endikdən sonra belə davam edir. Öskürək zamanı döş nahiyəsində ağrı nəzərə çarpır. Bəzən hətta qarın ağrısı və ishala da rast gəlinir”.

O qeyd edib ki, qrip hava-damcı yolu ilə yoluxur: “Öskürüb asqıran xəstə içində çox sayda virus olan damlacıqları ətrafa yayır. Bu damlacıqların ağız, burun ya da gözlərimizə təmas etdiyi zaman xəstəlik yoluxur. Bu səbəblə qripli bir xəstə virusu ətrafa yaymamaq üçün öskürüb asqırırkən ağzını bir dəsmalla, əgər dəsmal yoxdursa, qolları ilə tutmalıdır. Qripli xəstə tez-tez əllərini yumalıdır. Su və sabunun olmadığı məqamlarda əl antiseptikləri istifadə edilməlidir”.

Onun sözlərinə görə, qrip hər il oktyabr ayından başlayaraq dekabr ayında daha da artır və aprel-may aylarına qədər müşahidə edilir: “Bu səbəblə qrip peyvəndi hər il oktyabr ayında vurulmalıdır. Risk qrupunda olan şəxslərə daha əvvəl peyvənd vurulmayıbsa, fevral ayına qədər peyvənd vurula bilər.

Peyvənd bütün dünyada 60 ildən artıqdır ki, istifadə olunur. Peyvənd qripdən 70%-dən çox hallarda qoruyur və riskli insanlarda yarana biləcək fəsadların (məsələn, ağır ağciyər infeksiyaları) qarşısını alır. Xəstəliyin qarşısının alınmasında peyvəndlə yanaşı, əl gigiyenasının təmin edilməsi və ümumi sağlamlıq tədbirlərinə (qidalanma, fiziki fəaliyyət və yuxu rejimi) diqqət yetirilməsi, insanların sıx olduğu mühitlərdən və xəstə insanlardan uzaq durmaq da mühüm əhəmiyyət kəsb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR