Muxtar Babayev: "Mineral su ehtiyatlarının 40%-ə qədəri azad olunmuş ərazilərdədir"

Muxtar Babayev

© APA | Muxtar Babayev

# 03 dekabr 2021 15:32 (UTC +04:00)

"Su ehtiyatlarının 70%-i ölkə xaricində formalaşan Azərbaycanın Qarabağdakı su resurslarına çıxışı önəmlidir. Bu ərazilərdə ekoloji əhəmiyyətə malik relikt göllər, çoxsaylı çaylar, su anbarları var".

APA-nın məlumatına görə, bunu UNEC İqtisadi Forumunda "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" mövzusunda keçirilən paneldə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib. Onun sözlərinə görə, Azərbaycanın mineral su ehtiyatlarının 40%-ə qədəri işğaldan azad olunmuş ərazilərdədir: "Burada təbii olaraq çıxan yüksək ehtiyata malik mineral bulaqların üzərində kurort-rekreasiya zonalarının yaradılması nəzərdə tutulur. Ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yeraltı termal suların istifadəsi də böyük əhəmiyyət kəsb edir".

Nazir deyib ki, oradakı zəngin su ehtiyatlarından həm içməli su, həm kənd təsərrüfatı, həm də elektrik enerjisi istehsalı üçün istifadə ediləcək: "Burada yaradılmış su anbarlarının, ərazidən axan çayların hidroloji rejiminin öyrənilməsi məqsədilə müşahidələr bərpa edilir, su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi üzrə dövlət nəzarəti təşkil olunur".

M. Babayev qeyd edib ki, ərazilərin ekoloji nəzarətdən kənarda qalması nəticəsində uzun illər su obyektlərinin vəziyyəti barədə dəqiq məlumatların əldə edilməsi mümkün olmayıb: “Lakin bu gün çayların çirklənmə səviyyəsinə nəzarət məqsədilə mütəmadi monitorinqlər keçirilir. Yerli və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalar tərəfindən aparılan analizlərin nəticələrinə əsasən həmin ərazidən axan transsərhəd çayların çirklənməyə məruz qaldığı müəyyən edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR