Narkotiklə bağlı məsuliyyət yaşının 14-dən 16-ya qaldırılması təklif olunur

Narkotiklə bağlı məsuliyyət yaşının 14-dən 16-ya qaldırılması təklif olunur
# 30 noyabr 2021 12:32 (UTC +04:00)

“Cari ildə komitə tərəfindən uşaqlar arasında narkotik vasitələrlə bağlı araşdırma aparılıb və bu araşdırma rayonları da əhatə edib. Bunun nəticələri yaxın vaxtda cəmiyyətə təqdim olunacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov deyib.

O bildirib ki, Azərbaycanda 14 yaşında narkotik satan şəxslər və istifadəçiləri həbs oluna bilir: “14 yaşından başlayaraq uşaqların məsuliyyətə cəlb edilməsi beynəlxalq praktikada yolverilməzdir. Dünyada bu yaş həddi 16-dan başlayır. Uşaqlar prosesə görə məsuliyyətə cəlb edilməsi ilə bağlı yüngülləşdirici hal da müəyyən edilməyib. Bununla bağlı hüquqi baza beynəlxalq təcrübədə var. Təklif edirik ki, narkotiklə bağlı məsuliyyət yaşı uşaqlarda 14-dən 16 –ya qaldırılsın və daha çox valideynlər məsuliyyətə cəlb edilsin. Amma Azərbaycan qanunvericiliyində valideyn məsuliyyəti vurğulanmayıb. Xarici ölkələrdə bu təcrübə var, amma Azərbaycanın “Cinayət Məcəlləsi”ndə bu müddəa yoxdur. Uşaqları valideynlər, yaxud yaxın qohumlar bu istiqamətə yönəldir. Uşaqları, yetkinlik yaşına çatmayan şəxsləri yaxınları narkotikə cəlb edir. Məsuliyyəti daha çox daşıyan şəxslər onu yönəldən şəxslər olmalıdır. Qanunvericilikdə bizdə boşluq var. Dövlət komitəsinə narkomaniya ilə bağlı müraciətlər daxil olur. Biz həm komissiya, həm də bu sahədə olan qurumlarla ciddi şəkildə işləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR