Nazir: "600 minədək uşaq 10-dan çox istiqamət üzrə sosial ödənişlərlə əhatə edilib"

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla görüş

© APA | Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla görüş

# 05 noyabr 2021 10:40 (UTC +04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək uşaqlardan bir qrupu ilə görüşüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, nazir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondu və UNİCEF-lə birgə 2009-cu ildən etibarən təşkil etdiyi Azərbaycan Uşaqlarının Forumlarının əhəmiyyətini diqqətə çatdırıb. Uşaqların öz hüquqlarına dair qərarların qəbulu prosesində iştirakına və təşəbbüslər irəli sürmək imkanına yiyələnməsinə, onlarda liderlik bacarıqlarının, analitik düşüncənin inkişafına şərait yaradılması baxımından bu Forumların önəmini qeyd edib. Forumlarda sağlamlıq imkanları məhdud uşaqların, digər həssas qruplardan olan uşaqların da iştirakına imkan yaradılmasının müsbət hal olduğunu bildirib.

S.Babayev vurğulayıb ki, uşaqların qayğı ilə əhatə olunması, sağlam və firavan böyümələrinin, fiziki və mənəvi inkişafının təmin edilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasət həmçinin uşaqların sosial müdafiəsi tədbirlərinin ildən-ilə güclənməsinə, həssas qruplara aid uşaqların reabilitasiya imkanlarının daim artmasına imkan verib.

Nazir uşaqlarla bağlı sosial təminat sistemi barədə məlumat verib, uşaqlarla bağlı 10-dan çox istiqamət üzrə sosial ödənişlərin edildiyini, 600 minədək uşağın bu ödənişlərlə əhatə edildiyini deyib. O, həmçinin uşaqlar üçün fəaliyyət göstərən sosial xidmət və reabilitasiya müəssiələrindən bəhs edib. Onların müasir tələblərə uyğun qurulduğunu, yaxın aylarda Şəmkir və Qəbələdə də uşaq reabilitasiya müəssisələrinin açılacağını deyib.

Nazirliyin sifarişi ilə uşaqlarla bağlı həyata keçirilən sosial layihələrdən bəhs edən S.Babayev övladlığagötürmə sahəsində idarəetmənin artıq iki ildir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyini qeyd edib. Həmin müddətdə 131 uşağın övladlığa verildiyini, övladlığagötürmə prosesinin e-infrastrukturunun qurulduğunu, uşaqlar övladlığa verildikdən sonra da onların ailələrdə inkişafı üçün şəraitin yaradılmasına ciddi nəzarət edildiyini vurğulayıb.

S.Babayev görüş zamanı uşaqların əmək bazarının mövcud vəziyyəti, işçi qüvvəsinə olan tələblər, Nazirliyin əsas hədəfləri, bu il 16 min insanı əhatə edən özünüməşğulluq proqramı, proqramda həssas qrupların iştirakı, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi, əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlər və s. barədə suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR