Nazir: "İşğaldan azad olunmuş ərazilərdə 10 minlərlə hektar torpaq təsərrüfat dövriyyəsindən çıxarılıb"

Muxtar Babayev

© APA | Muxtar Babayev

# 20 may 2021 18:37 (UTC +04:00)


“Zəngin biomüxtəliflik və təbii sərvətlərə malik ölkəmizin ərazisində ermənilərin 30 ilə yaxın bir müddətdə ekoloji terror törətməsinin Azərbaycanın təbiətinə, ekoloji durumuna olduqca böyük zərər vurub”.

APA-nın məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda onlayn konfransda deyib. Nazir bildirib ki, ötən ildən başlayaraq nazirliyin mütəxəssisləri aidiyyəti qurumlarla birgə işğaldan azad edilmiş ərazilərimizdə ətraf mühit və təbiətə vurulmuş zərərin qiymətləndirilməsi işlərinə başlanıb, bu ərazilərdə aparılmış ilkin monitorinqlərə əsasən, 10 minlərlə hektar meşə sahəsinin talan olunduğu, bölgənin təbii landşaftına və bioloji müxtəlifliyinə böyük zərər yetirildiyi, 100-dən çox təbiət abidəsinin məqsədli şəkildə məhv edildiyi aşkarlanıb: “Bu ərazilərdə mövcud olan faydalı qazıntı yataqlarının bir hissəsi işğalçılar tərəfindən istismar olunub, 10 minlərlə hektar münbit torpaq sahəsi isə təsərrüfat dövriyyəsindən çıxarılıb”.

Nazir bu ərazilərdə mövcud xammal resurslarının monitorinqi və ehtiyatların yenidən qiymətləndirilməsi işlərinə başlanıldığını vurğulayaraq, ümumilikdə yataqlarda sənaye ehtiyatı təsdiq edilmiş yüzlərlə ton qızıl, gümüş, minlərlə ton qiymətli metal, yüz milyon kub metrlərlə tikinti materialları, gündəlik həcmi yüz minlərlə kub metr olan yeraltı şirin su və minlərlə kub metr olan mineral su və digər növ faydalı qazıntı ehtiyatlarnın mövcud olduğunu söyləyib.

M.Babayev işğal nəticəsində infrastrukturu sıradan çıxarılmış hidrometeoroloji məntəqələrdə tezliklə müasir avtomat sistemlərinin tətbiqi və müşahidələrin bərpasının planlaşdırıldığını, həmçinin ölkə Prezidentinin göstərişi ilə bu ərazilərdə meşə fondunun və xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası işlərinə start verildiyini, burada müasir yanaşmaların tətbiqinin gələcəkdə Qarabağın ekoloji problemlərdən azad yaşıl zonaya çevrilməsinə şərait yaradacağını deyib: "Bu ərazilərdəki iki qoruq və 4 yasaqlığın, o cümlədən tarixi və təbiət abidələrinin mövcudluğu ekoturizmin inkişafı üçün də böyük potensial yaradır. Qarabağda müasir texnologiyaların tətbiqi ilə “ağıllı” şəhər və kənd konsepsiyalarının reallaşdırılması, regionun unikal təbiətinin qorunması insan və təbiət arasında tarazlığın bərpasına şərait yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR