Nazir: "Kəlbəcərdə “Tutxun” təzahür sahəsində geoloji-axtarış işlərinə başlanılıb"

Muxtar Babayev

© APA | Muxtar Babayev

# 03 dekabr 2021 15:15 (UTC +04:00)

İşğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində böyük qızıl ehtiyatlarına malik “Tutxun” təzahür sahəsində artıq geoloji-axtarış işlərinə başlanılıb.

APA-nın məlumatına görə, bunu UNEC İqtisadi Forumunda "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" mövzusunda keçirilən paneldə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, “Zərqulu”, “Qızılitən”, “Qərbi Qızılitən” və “Qazıxanlı” sahələri üzrə geoloji və geofiziki işlər davam etdirilir.

M. Babayev deyib ki, Kəlbəcər rayonunun ərazisində yerləşən filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar Türkiyənin “Cengiz Holdinq” qrupuna daxil olan şirkətlərlə uzunmüddətli müqavilələr bağlanıb: "İmzalanan müqavilələrin predmeti məhz işğaldan azad olunmuş ərazilərimizdə dağ-mədən fəaliyyətinin başlanmasıdır. Layihələrin reallaşdırılması regionun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi və iqtisadi dövriyyəyə cəlb olunması, iqtisadiyyatının canlanması baxımından mühüm önəm kəsb edir".

Nazir qeyd edib ki, bu, eyni zamanda həmin ərazilərdə yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR