Nazir müavini: "15 mindən artıq I kurs tələbəsinin kredit üçün müraciət edəcəyi gözlənilir"

İdris İsayev

© APA | İdris İsayev

# 26 noyabr 2021 16:21 (UTC +04:00)

Təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə krediti almaq istəyən 1-ci kurs tələbələrindən minimal 300 bal tələb edilməsini şərh edib.

APA-nın məlumatına görə, nazir müavini deyib ki, tələbələrin DİM imtahanlarında topladığı minimal bal tələbi yalnız standart kredit almaq hüququ olan tələbələr üçündür: “Təhsil tələbə standart krediti almaq hüququ olanlara bal tələbi yalnız 1-ci kursun 1-ci semestrinə aiddir. Digər semestrlərdə minimal bal şərtləri işləmir. 1-ci kurs tələbəsinə 1-ci semestrdə kredit verilməsi üçün bir kriteriya olmalıdır. O, qəbul olduğu ali təhsil müəssisəsində hələ təhsil almadığı üçün hər hansı təhsil göstəricisi yoxdur. Ona görə onun topladığı bal nəzərə alınır. Sosial kredit isə sosial həssas qrupdan olan ailələrin övladlarına verilir. Həmin tələbələrə münasibətdə hər hansı bala ehtiyac yoxdur. Sosial həssas qrupdan olan tələbədirsə, istəyir 150 olsun, istər 200 bal toplasın, ona sosial kredit düşür. Ümumilikdə 1-ci kursda oxuyan 15 mindən artıq tələbənin kredit üçün müraciət edəcəyi gözlənilir. Bu tələbələrdən 3800-4000-i sosial həssas kredit almalı olan tələbələrdir. Bu rəqəmi də onunla hesablamışıq ki, tələbələrin qeydiyyatı aparılan zaman onların ailələrinin statusu təhlil edilib. 1-ci kurs üçün standart kredit almaq istəyən tələbələrin də sayını təxminən bilirik, bunun əsasında minimal 300 bal tələbi qoyulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR