Nazirlik: "Pfizer" üçün peyvəndləmə məntəqələrinin sayı artırılıb

Nazirlik: "Pfizer" üçün peyvəndləmə məntəqələrinin sayı artırılıb
# 08 iyun 2021 14:13 (UTC +04:00)

Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam etməkdədir.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, iyunun 7-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlar "Pfizer” vaksinindən də istifadə edə bilirlər. Vətəndaş müraciətlərini nəzərə alaraq, xidməti daha əlçatan etmək məqsədilə "Pfizer” vaksini üçün peyvənd məntəqələrinin sayı artırılıb. Həmin vaksinin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası ilə yanaşı, “Leyla Medical Center”də, “Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılacaq.

Nazirlik özəl klinikalara vaksin üçün müraciət edən vətəndaşların nəzərinə çatdırır ki, həmin müəssisələrdə peyvəndlənmə prosesi müəssisənin daxili qaydalara uyğun olaraq aparılacaq.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Bunun üçün randevu.its.gov.az saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Qeyd edək ki, "Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR