“Nizami Gəncəvi və dayanıqlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“Nizami Gəncəvi və dayanıqlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 03 iyun 2021 12:00 (UTC +04:00)

İyunun 4-7-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransı keçiriləcək.

UNEC-dən APA-ya verilən məlumata görə, “Nizami Gəncəvi və dayanıqlı inkişaf” mövzusunda keçiriləcək konfrans “Nizami Gəncəvi ili”nə həsr olunub.

Konfrans bütövlükdə onlayn təşkil edilsə də, rəsmi açılış nüfuzlu qonaqların iştirakı ilə 4 iyun saat 11:00-da Gəncə şəhərində Heydər Əliyev Mərkəzində baş tutacaq.

Konfransın açılışında iqtisadiyyat naziri Mikayıl Cabbarov, təhsil naziri Emin Əmrullayev, UNEC rektoru professor Ədalət Muradov, Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov, PAŞA Holdinq Şirkətlər Qrupunun Baş icraçı direktoru Cəlal Qasımov çıxış edəcəklər.

34 ölkədən 700-ə yaxın iştirakçı 66 bölmədə 444 və 16 “Workshop”da 65 məruzələri dinləniləcək. İyunun 7-dək davam edən kinfransda ölkəmiz üçün xüsusi aktuallıq kəsb edən ciddi məsələlər müzakirə ediləcək.

Məruzələr kitabı Harvard, Oxford, Yale, Stanford, Princeton, Columbia, Toronto, Çikaqo, Duke və digər aparıcı universitetlərin, eləcə də Royal Danish Library, British Library, Biblioteque Nationale de France kimi nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdiriləcək.

Konfransın açılış mərasimində Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin “Nizami Gəncəvi İrsi” və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin “Təhsil və İqtisadiyyat” mövzusunda videoməruzəsi olacaq.

Konfrans UNEC-in rəsmi Facebook səhifəsindən (www.facebook.com/unecedu) canlı yayımlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR