Oktyabrın 1-dən bir doza vaksin olunan tələbə və müəllimlər də dərsə buraxılacaq

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev

© APA | Təhsil nazirinin müşaviri Rüstəm Ağayev

# 14 sentyabr 2021 12:23 (UTC +04:00)

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev 1 doza vaksin olunan ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin dərsə buraxılıb-buraxılmayacağı məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, nazir müşaviri deyib ki, Təhsil Nazirliyi oktyabrın 1-dən yox, bütün ay ərzində hər iki peyvənd dozasını qəbul edə bilməklə bağlı təklif verib: "Hazırda bu istiqamətdə müzakirələr davam edir. Hesab edirik ki, təhsil işçiləri və tələbələrə əlavə imkan veriləcək ki, ay ərzində hər iki dozanı qəbul edə bilsinlər".

Nazirin müşaviri eyni zamanda deyib ki, bu, təkcə ali və orta ixtisas təhsili müəssisələrinə çalışan və təhsil alanlara yox, bütün təhsil işçilərinə şamil ediləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına dəyişikliyə əsasən, 1 oktyabr tarixindən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq, elm və təhsil müəssisələri, bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrdə çalışanların, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR