Ölkəyə qayıdan 181 Azərbaycan vətəndaşına reinteqrasiya yardımı göstərilib

Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımı

© APA | Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımı

# 07 oktyabr 2021 15:41 (UTC +04:00)

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımını çatdırmağı davam edir.

Nümayəndəlikdən APA-ya verilən məlumata görə, dəstəyin əsas məqsədi qayıdanların dayanıqlığını təmin etmək və beləliklə mənşə ölkələrinə könüllü qayıdan şəxslərin özlərini Azərbaycan cəmiyyətinin bir hissəsi kimi bərpa etmələrinə yardım etməkdir.

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda Niderland Krallığı, Almaniya, Belçika, Polşa, Finlandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir.
2021-ci ilin avqust və sentyabr aylarında BMqT-nin dəstəyi ilə Almaniyadan 46 nəfər, Serbiyadan 7 nəfər, Türkiyədən 1 nəfər və Hollandiyadan 1 nəfər olmaqla ümumilikdə 55 nəfər KQYR layihələri çərçivəsində könüllü olaraq Azərbaycana qayıdıb.

Qeyd olunan aylarda KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan 181 nəfərə reinteqrasiya yardımı, 76 nəfərə isə məsləhət xidməti göstərilib.
BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən reinteqrasiya yardımı göstərilən 181 nəfərdən 106 nəfərə nağd və 75 nəfərə qeyri-nağd şəkildə yardım olunub. Qeyri-nağd şəkildə yardım çərçivəsində 9 şəxsə müvəqqəti mənzil təminatı, 3 şəxsə kiçik biznesin qurulması, 60 şəxsə maddi yardım (ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları), 2 şəxsə tibbi yardım, 1 şəxsə isə təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib.

Təşkilat tərəfindən göstərilən reinteqrasiya yardımının əsas hissəsi könüllü qayıdanlara və onların ailə üzvlərinə fayda gətirən kiçik təsərrüfat (qoyunçuluq, maldarlıq), xidmət sahəsindəki müəssisələr, ticarət və kiçik istehsal kimi gəlir gətirən fəaliyyətlərin qurulmasına yönələn kömək təşkil edir.

BMqT-nin KQYR layihələri daxilində qayıdanlara mikro-biznes fəaliyyətinə dəstəklə yanaşı, müvəqqəti mənzil təminatı, maddi yardım, tibbi ehtiyacların və təhsil xərclərinin qarşılanması üzrə yardımlar göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR