Ombudsman Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar videomüraciət edib - VİDEO

Ombudsman Səbinə Əliyeva

© APA | Ombudsman Səbinə Əliyeva

# 30 avqust 2021 17:37 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar videomüraciət edib.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, dünyada baş verən müharibələr zamanı itkin düşmüş şəxslərin dəqiq sayını obyektiv səbəblərlə əlaqədar göstərmək mümkün deyil: "Lakin tam əminliklə qeyd etmək olar ki, hazırda bu qəbildən olan insanların sayı yüz minlərlə, bəlkə də milyonlarladır"

Ombudsman təəssüflə qeyd edib ki, Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş hərbi təcavüzü nəticəsində bizim də itkin düşmüş çoxsaylı soydaşlarımız var: "Təbii ki, onların ailələri daim böyük həsrət və iztirab içərisində öz əzizlərinin taleyi barədə məlumat almaq istəyirlər. Bu onların hüququdur!

Son məlumata görə, Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

İtkin düşmüş mülki şəxslərdən 20 nəfəri qız olmaqla 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 154 nəfəri ahıl olmaqla 267 nəfəri qadındır. 3890 nəfərdən 872 nəfərinin, o cümlədən 29 uşağın, 98 qadının, 112 ahıl şəxsin əsir-girov götürülməsi, yaşayış məntəqələri, kəndlər və şəhərlər işğal olunarkən öz evlərini tərk etməməsi və işğal ərazisində qalması faktı müəyyən edilib”.

Bildirilib ki, Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələrinə və sübutlara baxmayaraq, Ermənistan Respublikası bu şəxslərin əsir-girov götürülməsi və saxlanması faktını inkar edir:

“Təkzibedilməz faktlardan biri isə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 1998 və 2001-ci illərdə Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təqdim edilmiş məktublarda adı keçən 54 azərbaycanlı ilə bağlıdır.

Həmin materiallara əsasən Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Ermənistan Respublikasında və bu ölkə tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş Qarabağ ərazisində saxlanıldıqları yerlərdə baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sağ olduqları təsdiq edilmiş həmin 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılıb, aralarında 6 nəfəri qadın olmaqla 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib".

Müraciətdə yüzlərlə azərbaycanlıya əsir və girovluqda dözülməz fiziki və mənəvi-psixoloji işgəncələrlə aldığı ağır xəsarətlər nəticəsində sağlamlığını itirməsi səbəbindən ömürlük əlillik dərəcəsi təyin olunduğu bildirilib:

"Ermənistan siyasi və hərbi rəhbərliyi yalnız Birinci Qarabağ müharibəsi dövründə deyil, tərəflər arasında atəşkəs elan olunduğu sonrakı illərdə də qeyri-qanuni olaraq azərbaycanlı mülki şəxsləri girov götürərək həbs edib ki, bu da açıq-aşkar dinc azərbaycanlılara qarşı nifrət siyasətinin həyata keçirildiyini sübut edir.

Göründüyü kimi, müharibə dövründə Ermənistan tərəfinin azərbaycanlı hərbi əsirlərə qarşı nümayiş etdirdiyi münasibətdən fərqli olaraq, Azərbaycanda erməni əsilli hərbi əsirlərin müharibə zonasından təxliyə edilməsi, yaralı hərbçilərin müalicə üçün xəstəxanalara yerləşdirilməsi və sağlamlıq vəziyyətinin yaxşılaşdırılması kimi addımlar humanizm prinsipinə əsaslanıb.

Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrin, eləcə də Cenevrə Konvensiyalarının tələblərinə zidd olaraq, İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 7 nəfər hərbi qulluqçumuzun taleyi, habelə kütləvi dəfnlər həyata keçirdiyi yerlər barədə məlumat vermir.

Beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozan Ermənistan istər mülki, istərsə də hərbi mükəlləfiyyətli şəxslərin zorla yoxa çıxarılması sahəsində əməllərindən geri çəkilmir.

İtkin düşmüş şəxslər barədə ailə üzvlərinə verilməyən məlumatlar həmin ailə üzvlərinin beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquqla təsbit edilmiş “ailə həyatına hörmət” prisipinin kobudcasına pozulmasıdır. Buraya ölmüş şəxslər barəsində məlumatlar da daxildir”.

© APA | Ombudsmanın Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar videomüraciəti

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR