Ombudsman Polad Həşimov və İlqar Mirzəyevin məzarlarını ziyarət edib

Ombudsman Polad Həşimov və İlqar Mirzəyevin məzarlarını ziyarət edib

© APA | Ombudsman Polad Həşimov və İlqar Mirzəyevin məzarlarını ziyarət edib

# 15 iyul 2021 16:36 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin 2020-ci il iyul ayında Tovuzda törətdiyi təxribatın qarşısını alarkən general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucalmalarından bir il ötür.

Ombudsman Aparatından APAya bildirilib ki, bu münasibətlə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın Milli Qəhrəmanları şəhid general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət edərək xatirələrini ehtiramla yad edib.

Anım mərasimində şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, Vətən Müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim zamanı general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin döyüş yoldaşları onların keçdikləri şərəfli döyüş yolundan və onlarla bağlı xatirələrindən danışıb.

Ombudsman S. Əliyeva kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində şəhidlərimizin əziz xatirələrinin heç bir zaman unudulmayacağını, hər bir azərbaycanlının qəlbində daim yaşayacağını və fəxarət hissi ilə anılacaqlarını bildirib.

Daha sonra Ombudsman Sumqayıt şəhərində general-mayor Polad Həşimovun büstünün, habelə şəhidimizin adının əbədiləşdirilməsi məqsədilə adının verilmiş olduğu küçədə barelyefinin açılış mərasimində olub. Tədbir zamanı S. Əliyeva gənclərimizin general-mayor Polad Həşimovun keçdiyi şərəfli döyüş yolunu və göstərdikləri igidlikləri bundan sonra örnək alacaqlarını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR