Onlayn İctimai Nəzarət Platforması 2-ci rübün nəticələrinə dair dəyirmi masa keçirib 

Onlayn İctimai Nəzarət Platformasının dəyirmi masası

© APA | Onlayn İctimai Nəzarət Platformasının dəyirmi masası

# 08 dekabr 2021 16:59 (UTC +04:00)

Dekabrın 8-də Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) 2-ci rübün nəticələrinə dair dəyirmi masa keçirib.

APA-nın məlumatına görə, dövlət qurumlarının, ictimai şuraların və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada sentyabr-noyabr aylarında e-nəzarətə daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.

Onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yolun səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyatı dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. İkinci rübün nəticələrinə görə təxminən 70% müraciətlər öz həllini tapıb.

İkinci rübün nəticələrinə görə 9 dövlət qurumunun vətəndaşların müraciətlərinə baxılması baxımından fəal olduğu müəyyən edilib və onlara müvafiq təltiflər təqdim olunub. Bu qurumlara “Azərsu”, Bakı şəhər İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi, “Azərişıq”, Baş Dövlət Yol Polisi İdarəsi, Yasamal İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Agentliyi, “Azəriqaz” və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi daxildir.

Digər dövlət orqanına bir müraciət həll etdiklərinə görə təşəkkür məktubu təqdim edilib (Qaradağ rayon İcra Hakimiyyəti, Qəbələ rayon İcra Hakimiyyəti, Binəqədi rayon İcra Hakimiyyəti, Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Bakı şəhər İcra Hakimiyyəti Lifttəmir İstehsalat Birliyi, Bakı şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsi, Gəncə şəhər İcra Hakimiyyəti, Sabunçu rayon İcra Hakimiyyəti, Xəzər rayon İcra Hakimiyyəti, Abşeron rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi).

Eyni zamanda e-nəzarət fəaliyyətini mətbuatdan işıqlandırdığı üçün üç mətbuat nümayəndəsinə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, e-nəzarət platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıqda icra edilən Şəffaflıq naminə vətəndaş cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR