Ovladinitani.az veb səhifəsi və “Övladını tanı” mobil tətbiqinin təqdimatı olub

Ovladinitani.az veb səhifəsi və “Övladını tanı” mobil tətbiqinin təqdimatı olub
# 19 noyabr 2021 11:37 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanan www.ovladinitani.az veb səhifəsi və “Övladını tanı” mobil tətbiqinin təqdimatı olub.

APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, sağlamlıq imkanları məhdud uşaqlara daim diqqət göstərilir. Onun sözlərinə görə, agentliyin sosial xidmət müəssisələrində bu gün 360-dan çox uşağa sosial xidmətlər göstərilir: “Bu gün təqdim olunan “Övladını tanı” mobil tətbiqi sağlamlıq imkanları məhdud uşaqların inkişafının təmin olunması və monitorinqi sahəsində innovativ təşəbbüslərin həyata keçirilməsi layihəsi çərçivəsində hazırlanıb. Bu mobil tətbiq uşaqların əlilliyinin erkən aşkarlanması üçün aztəminatlı ailələrə dəstək rolunu oynayacaq.

Mobil tətbiq vasitəsi ilə valideyn 6 yaşına qədər övladınının inkişaf dinamikasını qiymətləndirə, hesabatlandıra, inkişafı üçün tapşırıqlar əldə edə və inkişafı izləyə bilər. Tətbiq gələcəkdə digər yaş kateqoriyasında olan uşaqlar üçün də istifadə olunacaq”.

Layihə rəhbəri Rasif Dünyamalıyev deyib ki, araşdırmalar göstərir ki, daha çox problem valideynlərin xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı məlumatsız olmasıdır. Onun sözlərinə görə, uşaqları məktəbə, uşaq bağçasına apardıqda daha çox problemlə rastlaşırlar. Tətbiq həm Android, həm də İOS platforması üçün hazırlanıb. Layihə Azərbaycan uşaqları üçün hazırlanıb. Valideyn tətbiqdə qeydiyyatdan keçərək bir neçə övladı üçün xüsusi otaq yarada bilər: “Övladının məlumatlarını daxil etdikdən sonra inkişaf bölməsinə daxil olaraq yoxla düyməsini seçməklə onun yaşına uyğun olan suallara cavab verilir. Tətbiq bu cavablara uyğun olaraq uşağın inkişaf dərəcəsini hesablayır. Əgər hər hansı bir geriləmə varsa ona uyğun olaraq istifadəçiyə tapşırıqlar verir və inkişafın hansı sahələrdə zəif olduğu haqqında hesabat təqdim edir.

Tətbiqin “inkişaf”, “uğur” və “resurs” bölmələrində keçirilmiş yoxlamalar, uşağın nəticələrinə uyğun tapşırıqlar, uşaq psixiatrlarına birbaşa çıxış və digər xidmətlər də təqdim olunur”.

Qeyd edək ki, layihə Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə “Regionların Sosial İqtisadi İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR