Peşə təhsili pilləsinə elektron tələbə qəbulunun nəticələri açıqlanıb

Peşə təhsili pilləsinə elektron tələbə qəbulunun nəticələri açıqlanıb
# 24 avqust 2021 18:01 (UTC +04:00)

Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə "SMS" bildiriş artıq göndərilib.

Müsabiqədən keçən şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasında yerləşən “Şəxsi kabinet” bölümündən əldə edə bilərlər.

Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 24 - 30 avqust (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

- Attestatın əsli;

- Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

- Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

- Şəxsiyyət vəsiqəsinin surəti;

- 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;

- Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

- Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-21 avqust tarixlərində elektron qaydada həyata keçirilib. 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 14 876-sı ixtisas seçimini yekunlaşdırıb. Müraciət edənlərin sayı ötən il ilə müqayisədə 26 faiz artıb.

Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. II mərhələ ilə bağlı məlumat yaxın günlərdə paylaşılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR