Prezident Administrasiyasının şöbə müdiri: “Ağdamda bərpası mümkün olan abidələrlə bağlı rəyimizi təqdim etməliyik”

Prezident Administrasiyasının şöbə müdiri: “Ağdamda bərpası mümkün olan abidələrlə bağlı rəyimizi təqdim etməliyik”

© APA | Əlaqələndirmə Qərargahı nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Ağdamda

# 29 iyul 2021 14:13 (UTC +04:00)

“Keçən ilin noyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Bu gün Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Elm təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun üzvləri Ağdama gəlib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Elm təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun rəhbəri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva bildirib.

F. Əliyeva deyib ki, məqsəd vəziyyəti yerində görməkdik: “İşçi qrupunun tərkibində alimlər, mütəxəssislər və rəsmilər var. Dövlət başçısı Ağdamda olub, Ağdamın böyük gələcəyi var. Ancaq Ağdamın tarixi keçmişi var və gələcəyində bu keçmiş də yaşamalıdır. Biz də Prezidentin göstərişinə uyğun olaraq artıq layihələr üzərində işə başlamışıq. İmarət kompleksindən sonra Qiyaslı məscidində olacağıq. Yəni Ağdamda bərpa və restavrasiyası mümkün olan abidələrə baxış keçirib, rəyimizi təqdim etməliyik. Gördüklərimizdən sarsılaq da, şəxsən çox xoşbəxtəm ki, belə tarixi məqamda belə tarixi məkandayam. Ermənilər yenilməz orduları olduqlarını iddia edirdilər. Ancaq Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu yenilməzliyin nə olduğunu göstərdi. Bizim xalqın quruculuq işində də artıq yenilməzlik ruhu var. Biz onu Ağdamın bərpası zamanı da göstərəcəyik” .

Prezident Administrasiyasının şöbə müdiri Ağdamda salamat bina qalmadığını söyləyib: “Hansı binaları tarixi görkəmlərinə uyğun bərpa etmək mümkündürsə, bu istiqamətdə bütün işlər görüləcək. Hamımızın bir namus borcu var, əsgərlərimiz burada qan töküb, canları ilə bu torpaqları azad ediblər. İşçi qrupun gəlişində də məqsəd budur. Görürsünüz ki, biz baxa-baxa qeydlər götürür, müzakirələr aparırıq. Bu vaxta qədər böyük iş görülüb, bundan sonra da çox böyük işlər görülməlidir. Bizim işçi qrupunun bu səfəri də bu işə bir təkan olacaq. Ermənilər tarixi abidələri yer üzündən silsələr də, yaddaşlardan silə bilməyiblər. Yaddaşda yaşayan tarix əbədi tarixdir. Yəni bu istiqamətdə mütləq işlər, araşdırmalar aparılacaq, mütəxəssis, alim rəyi öyrəniləcək ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR