Prezident: "İkinci Qarabağ müharibəsinə qədər PUA-lardan bu miqyasda, bu cür səmərəli istifadə edilməyib"

Prezident: "İkinci Qarabağ müharibəsinə qədər PUA-lardan bu miqyasda, bu cür səmərəli istifadə edilməyib"
# 24 sentyabr 2021 12:38 (UTC +04:00)

“Siz tamamilə haqlısınız. İkinci Qarabağ müharibəsinə qədər pilotsuz uçuş aparatlarından bu miqyasda, bu cür səmərəli şəkildə istifadə edilməyib. Biz pilotsuz uçuş aparatları almağa yetərincə çoxdan, hafizəm məni aldatmırsa, 10 ildən çox bundan əvvəl başlamışdıq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində “44 günlük müharibə bu gün dünyanın aparıcı ölkələrinin baş qərargahlarında öyrənilir. Dünya səviyyəli hərbi ekspertlərin çoxu onu, ilk növbədə, dronlar müharibəsi adlandırırlar. Əlbəttə, İkinci Qarabağ müharibəsinin, necə deyərlər, vizit vərəqi olan bu amil Azərbaycanın pilotsuz uçuş aparatlarının bütün siniflərindən nə dərəcədə genişmiqyaslı və səmərəli istifadə etdiyini göstərir. Bu, XXI əsrin müharibəsi idi, eyni zamanda, çox böyük sayda uçuş aparatları kəşfiyyat, aşkar olunmuş hədəflərin məhv edilməsi funksiyalarını yerinə yetirirdi. Siz Ali Baş Komandan kimi bu qurğuların döyüşdə tətbiqinin fenomenal uğurlu təcrübəsi barədə danışa bilərsinizmi? Ona görə ki, bu münaqişəyə qədər istər Amerika Birləşmiş Ştatlarının, istərsə də hətta İsrailin bu cür yüksək texnoloji, uğurlu, səmərəli müharibə təcrübəsi yox idi. Siz buna necə, nəyin sayəsində nail oldunuz?” sualına cavab verərkən deyib.

Prezident qeyd edib ki, bunlar İsrail istehsalı olan qırğın vasitələri idi: “Biz onları mənimsədik və 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq etdik. Bu, erməni tərəfi üçün gözlənilməz oldu. Lakin dediyim məsələyə qayıdaraq əlavə edirəm ki, biz həmin münaqişəni gərginləşdirmədik, çünki bizim genişmiqyaslı hərbi əməliyyatlar aparmaq niyyətimiz yox idi. Buna görə bu əməliyyat tez başa çatdı. Sonradan biz başqa aparatlar da almağa başladıq, yəni 2016-cı ilin aprelinə biz “Harop" PUA-larından istifadə edirdik. Sonra biz İsraildə istehsal edilmiş digər pilotsuz vasitələr, konkret desək, “Sky Striker” almağa başladıq. İndi bu, heç kəs üçün sirr deyil, ona görə ki, bunu gizlətməyin mənası yoxdur. Siz dediyiniz kimi, həm kəşfiyyat, həm də döyüş təyinatlı “Orbiter” PUA-ları da aldıq. O vaxt Türkiyənin hərbi-sənaye kompleksi hələ PUA-lar istehsalına başlamamışdı. Onlar bu istehsala başlayan kimi mənim fikrimcə, biz “Bayraktar TB2”lərin ilk xarici alıcısı olduq. Bu PUA-lar da həm kəşfiyyat, həm də dəqiq zərbələr vurulması baxımından çox səmərəli olduğunu göstərdi. Lakin əlbəttə, belə demək olarsa, pilotsuz uçuş aparatları arasında vəzifələrin bu cür əlaqələndirilməsi və bölgüsü aparılmalı idi.

“Bayraktar”lara gəldikdə, döyüş əməliyyatları zamanı onlardan bir neçəsi daim havada olurdu. Əlbəttə, bəzən hava şəraiti buna əngəl törədirdi, lakin əksər günlərdə hava aydın olduğu üçün onlar, ola bilsin kiçik fasilələrlə, praktiki olaraq hər gün işləyirdi. İsrail və Türkiyə istehsalı olan PUA-ları əlaqələndirmək və uyğunlaşdırmaq, əlbəttə, böyük ustalıq tələb edirdi. Onların hədəflərinin siyahısı da fərqli idi, çünki kəşfiyyat xarakterli döyüş sursatının məhvedici qüvvəsi “Roketsan” raketinin qüvvəsindən yüksəkdir. Buna görə də strateji, iri hədəflər “Harop" ilə, zirehli texnika və digər hədəflər isə əsasən “Bayraktar TB2”lərlə məhv edilirdi. Lakin bildiyiniz kimi, “Harop" birdəfəlik istifadə silahıdır, ona görə də biz “Harop" ilə zərbə endirəcəyimiz hədəfləri çox diqqətlə seçirdik.

Bundan əlavə, siz də düzgün olaraq qeyd etdiyiniz kimi, “Bayraktar TB2”lər həm də kəşfiyyat xarakteri daşıyır və buna görə onların təsirini bizim artilleriya atəş sistemləri, aviasiya sistemləri ilə əlaqələndirmək vacib idi və bu, əlbəttə, çox böyük peşəkarlıq, vərdiş tələb edirdi, çünki bu, çox mürəkkəb məsələdir. Çox mürəkkəb. Deməliyəm ki, döyüş əməliyyatları aparılan dövrdə bu sahədə bizim səhvlərimiz olmayıb. Müəyyən nöqsanlar olub, biz onları bilirik, müharibənin gedişində onları düzəldirdik. Mən hər bir addımımızı ideallaşdırmaq fikrindən uzağam. Biz öz xalqımıza da, o cümlədən ordunun rəhbərliyinə də həqiqəti deməyə borcluyuq. Mən nöqsanlara görə dəfələrlə məzəmmət etmişəm, lakin həmin nöqsanlar fundamental xarakter daşımırdı. Pilotsuz uçuş aparatlarının tətbiqi məsələsinə gəldikdə isə, burada bizim səhvlərimiz olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR