Qədim Qəbələdə arxeoloji tədqiqatların yeni nəticələri açıqlanıb

Antik Qəbələ şəhər yeri

© APA | Antik Qəbələ şəhər yeri

# 12 noyabr 2021 13:10 (UTC +04:00)

Oktyabr ayında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə “Antik və İlk Orta əsrlər dövrü üzrə Qəbələ Arxeoloji Ekspedisiyası” Qədim Qəbələnin Antik Şəhər yerində və Qəfərli antik dövr nekropolunda tədqiqatları davam etdirib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Çaqqallı adlanan sahədə yerləşən Antik şəhər yerində aparılan arxeoloji tədqiqatların əsas məqsədi ərazidə ilkin yaşayış məskəninin salınması, inkişafı və şəhər kimi formalaşması mərhələlərinin ardıcıllığının öyrənilməsi olub.

Tədqiqatlar nəticəsində e.ə. VI-IV əsrlərə və e.ə. III-I əsrlərə aid mədəni təbəqələr müəyyən edilib. Tədqiqatların ilkin nəticələrinə əsasən söyləmək olar ki, ellinizm dövrünün sonlarına doğru ərazidə yaşayış məskəni inkişaf edərək Antik Qəbələ şəhərinin əsas hissəsinə çevrilib.

Ekspedisiya Antik şəhər yeri ilə yanaşı, ətrafda olan qədim qəbiristanlıqda da tədqiqatları davam etdirib. Belə ki, Soltannuxa kəndi ərazisində yerləşən Qəfərli antik dövr nekropolunda 2020-ci ildən başlanan tədqiqatlar uğurla davam edib. Tədqiqatlar zamanı yer səthindən 120 cm dərinlikdə torpaq qəbirlər aşkar edildi. Qəbirlərdən birində qadın və uşaq skeleti olmaqla, qoşa dəfn müşahidə olundu. Qəbirlər antik dövr üçün səciyyəvi olan müxtəlif formalı saxsı qablarla zəngin idi. Aşkar edilən qəbirlərin xronoloji çərçivəsi e.ə. I əsrin sonları və eramızın II əsrlərini əhatə edir.

Tədqiqat müddətində Yaloylutəpə adlanan sahədə təsərrüfat işləri zamanı maddi mədəniyyət nümunələrinin üzə çıxması məlum olub. Ekspedisiya rəhbəri t.ü.f.d. Ceyhun Eminlinin bildirdiyinə görə, “həmin əraziyə baxış keçirilərkən Yaloylutəpə sahəsində xəndək qazıntısı zamanı yer səthindən 80-140 cm dərinliklərdə antik dövrə aid dağıdılmış qəbirlərin xəndəyin divarlarında qalmış izlərinə əsasən qeydləri aparılmış, qəbirlərə aid bəzi qablar götürülmüşdü. Antik şəhər yerində tədqiqatların növbəti qazıntı mövsümlərində də davam edilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Antik şəhər yerində ilk tədqiqatlar keçən əsrin 50-ci illərindən Saleh Qazıyev tərəfindən başlanıb, 2017-ci ilə qədər prof. İlyas Babayevin rəhbərliyi ilə davam edib. 2019-cu ildən t.ü.f.d. Ceyhun Eminlinin rəhbərliyi ilə Antik şəhər yerində yenidən tədqiqatlara start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR