Qlobal Bakı Forumunda Qərbi Balkanlarda münaqişələrin alovlanma ehtimalı müzakirə olunub

Qlobal Bakı Forumunda Qərbi Balkanlarda münaqişələrin alovlanma ehtimalı müzakirə olunub
# 06 noyabr 2021 12:29 (UTC +04:00)

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində "Qərbi Balkanların dəyərləndirilməsi: irəliyə gedən yol" mövzusunda panel keçirilib.

APA-nın məlumatına görə, panelin moderatoru Bosniya və Herseqovinanın keçmiş Baş naziri (2001-2002) Zlatko Laqumdzija olub.

Bolqarıstanın keçmiş Prezidenti (1997-2002) Petar Stoyanov deyib ki, Qərbi Balkanlar hər zaman Avropanın bir parçası olub: “Qərbi Balkan ölkələri Avropa İttifaqının üzvü olmalıdır. Avropa İttifaqı bunsuz bütöv olmayacaq. Bu fikri yalnız mən demirəm, Avropa Komissiyasının Prezidenti də bildirib. Lakin Avropa İttifaqı Qərbi Balkan ölkələrini sıralarına qəbul etməkdə nə dərəcədə maraqlıdır? 20 il öncə ilə müqayisədə Avropa İttifaqının bizə üzvlüklə bağlı şərtləri daha ciddi deyilmi? Vişeqrad ölkələri, Bolqarıstan və Rumıniya Avropa İttifaqına qoşulanda bu şərtlər onlara da aid edilmişdi? Aydın olan odur ki, vəziyyət və şərtlər tamamilə dəyişib. Bu proses Qərbi Balkanların Avropa İttifaqına inteqrasiyasını daha da çətinləşdirib”.

Avropa İttifaqının üzləşdiyi böhranlardan, Böyük Britaniyanın İttifaqdan çıxmasını xatırladan Petar Stoyanov bütün bunların Avropa İttifaqına marağı azaltdığını söyləyib: “Oktyabrın 6-da Sloveniyada Qərbi Balkan ölkələrinin liderləri və Avropa İttifaqının rəsmiləri arasında görüş keçirildi. Görüşdə Avropa İttifaqının rəsmiləri vədlər versə də, bu vədlərin nə zaman reallaşacağı bildirilmədi. Avropa İttifaqına üzvlük üçün şərtlər yerinə yetirilməlidir, yerinə yetirilmir. Digər tərəfdən, Fransa Avropa İttifaqına yeni üzvlərin qəbulunun əleyhinədir. Yunanıstan, Kipr, İspaniya isə Kosovonun müstəqilliyini tanımır, bunu da qeyd etmək lazımdır. Bizim qarşımızda Türkiyə nümunəsi də var, namizədliyi qeydə alınıb, amma uzun illərdir ki, üzvlüyə qəbul edilmir. Qlobal siyasətin bu gün əsas xüsusiyyəti bu gün proqnozlaşdırıla bilinməməsidir. Qlobal güclərin təsirləri də artıq dəyişib. Bu saat dünyada Kosovo kimi problemlər çoxdur”.

Serbiyanın keçmiş Prezidenti (2004-2012) Boris Tadiç qeyd edib ki, gələcəkdə Qərbi Balkanların Avropa İttifaqına üzv olacağı ilə bağlı şübhələr var: “Avropa İttifaqı ölkələrimizdəki siyasi, iqtisadi məsələləri nəzərə alaraq, öz yanaşmasını radikal şəkildə dəyişə bilir. Avropa İttifaqı bizim regiona infrastruktura milyonlarda vəsait ayırdı. Ancaq Avropa İttifaqı Çinin bizim regiona investisiya qoyduqdan sonra belə təşəbbüslə çıxış etdi. Qərbi Balkan Avropanın döyünən qəlbidir. Ölkələr arasında etimad çox vacibdir. Avropa İttifaqında bizim gələcəyimizlə bağlı tərəddüdlər var. Əgər bu gün Çin Qərbi Balkanlara yaxınlaşdıqdan sonra Avropa İttifaqı hərəkətə keçirsə, vətəndaşlarımız Avropa İttifaqına necə inana bilər. Avropa İttifaqı ekstremal siyasi durumdadır. Avropa İttifaqı Qərbi Balkanlara doğru sərhədlərinin genişlənməsini dayandırsa, gələcəkdə strateji problemlərlə üzləşəcək. Bu region uzunmüddətli problemlərlə üzləşə bilər. Avropa İttifaqı ABŞ, Rusiya, Çin kimi qlobal güc deyil. Amma Avropa İttifaqı müxtəlif ölkələr üçün həll yolları tapmaqda daha səmərəli, effektivdir. Avropa İttifaqının texnologiya, elm sahəsindəki potensialı daha effektivdir. Ümid edirəm, Qərbi Balkan ölkələri bir gün Avropa İttifaqının üzvü olacaq, Avropa İttifaqı isə vədlərini yerinə yetirə biləcək. Onu da deyim ki, Qərbi Avropadakı gərginlik Avropa üçün böyük problemlərə yol aça bilər. Bosniya-Herseqovinadakı vəziyyət ciddiləşir. Kosovonu dünya ölkələrinin bir hissəsi tanıyır, digər hissəsi tanımır”.

Monteneqronun keçmiş Prezidenti Filip Vujanoviç Qərbi Balkanlarda barış şəraitində yaşamağın zəruri olduğunu vurğulayıb: “Qərbi Balkan ölkələri indiki sərhədləri qorunmalıdır. Bu gün əsas gərginliklərdən biri Serbiya və Kosovo arasında yaşanmaqdadır. Serbiya və Kosovo arasındakı problem beynəlxalq ictimaiyyətin iştirakı ilə həll olunmalıdır. Kosovo və Serbiya bir-birini tanımadan belə iqtisadi sahədə əlaqələr qura bilərlər”.

Xorvatiyanın keçmiş Prezidenti (2010-2015-ci illər) İvo Josipovic deyib ki, Avropa İttifaqı üzvlüklə bağlı kriteriyalar formalaşdırıb: “Bu kriteriyalar həm vətəndaş cəmiyyəti quruculuğunu əhatə edir”.

Xorvatiyanın keçmiş Prezidenti qeyd edib ki, Qərbi Balkan ölkələri oxşar tarixi, ənənələri yaşayır: “Avropa İttifaqı Xorvatiyanın koorupsiya, qonşularla yaxşı olmayan münasibətlərini, milli azlıqlarla bağlı problemlərini həll etmək üçün potensialı yox idi. Xorvatiya bu problemləri həll etdikdən sonra Avropa İttifaqı Xorvatiyanı üzə kimi qəbul etdi. Düşünürəm ki, əsas məsələ Qərbi Balkan ölkələrinin öz problemlərini həll etməsidir. Digər tərəfdən, xarici qüvvələr – NATO, Avropa İttifaqı, qonşu Bosniya və Herseqovinadakı olan problemlərinin həllinə müəyyən mənada kömək edə bilərlər. Ancaq əsas həll yolu daxildə yerli siyasətçilərin öz aralarında kompromisə gəlməsindən keçir. Açar həmin siyasətçilərin öz əlindədir. Gec-tez Avropa İttifaqına üzvlük məsələsi də həll olunmalıdır. Ancaq biz bəzi ölkələrin üzvlüklə bağlı meyarları yerinə yetirməyə, islahatları həyata keçirməyə can atdığını görmürük. Mən Avropa İttifaqının Qərbi Balkan ölkələrini sıralarına qəbul etməsini istəyirəm. Bu, tək onların yox, bizim təhlükəsizliyim üçün də vacibdir. Mən Prezident olduğum dövrdə Bosniya və Herseqovinanın, Serbiyanın Avropa İttifaqına üzvlüyünü təbliğ etmişəm. Bu, Xorvatiyanın da maraqlarına cavab verən məsələlərdən biridir. Bu, tək siyasi və iqtisadi maraqlarla bağlı deyil, həm də mənəvi və humanizm bazımdan yanaşılmalı olan məsələdir. Çünki biz uzun illər bir yerdə yaşamışıq, aramızda ticarət əlaqələri olub, ortaq tariximiz var. İstər Bosniya və Herseqovina, istər Serbiya, istər Xorvatiya üçün ən yaxşı həll yolu Avropa İttifaqında bir yerdə olmaqdır. Ancaq onların gələcəyi onların öz əlindədir. Əgər bu ölkələr ciddi daxili problemləri, ölkələr arasındakı problemləri həll edə bilmirsə, bu ölkələrin Avropa İttifaqında gələcəkləri ola bilməz. Düşünürəm ki, bu reallıq bütün ölkələr tərəfindən başa düşülməlidir. Sizin taleyiniz öz əlindədir”.

Çexiyanın keçmiş Baş naziri Jan Fişşer isə populizmin səmərəli idarəçiliyin qarşısını aldığını vurğulayıb: “Qərbi Balkanlardakı vəziyyət narahatlıq doğurur, nə baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Yaxşı olardı ki, Qərbi Balkanlar Avropa İttifaqının vahid bazarına inteqrasiya olunsun. Avropa İttifaqının vahid bazarı da hələ formalaşmayıb. Qərbi Balkanlar Avropaya aiddir, buna heç bir sual ola bilməz. Onların Avropa İttifaqına daxil olması hər zaman masa üzərində olmalıdır. Əgər inteqrasiya reallaşmasa, bu regionda yaranan problemlər bütün Avropa qitəsi üçün problemə çevrilə bilər. Qərbi Balkanların böyük potensialı hələ reallaşdırılmayıb”.

Amerika Xarici Siyasəti Milli Komitəsinin Prezidenti Süzan Elliott Qərbi Balkanların Avropa İttifaqına daxil olmasını zəruri sayıb: “Bəzən üçüncü tərəflərin tövsiyələri daha effektiv olur. Biz 2018-ci ildəki hesabatımızda bildirmişik ki, bu regionla aktiv işləmək lazımdır. Bu il- 2021-ci ildə isə bəyan edirik ki, Qərbi Balkanlarda vəziyyət gərgindir. Avropa İttifaqına üzvlük tək vahid bazar, iqtisadi mənfəət deyil, dəyərləri bölüşmək deməkdir. Mən optimistəm, inanıram ki, biz çox iş görə bilərik”.

Panel müzakirələrə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR