QMİ sədri Patriarx Kirilə başsağlığı məktubu göndərib

Şeyxülislam Allahşükür Paşazadə

© APA | Şeyxülislam Allahşükür Paşazadə

# 12 iyun 2021 16:46 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr həzrətlərinin vəfatı ilə əlaqədar Zati-Müqəddəsləri, Moskva və bütün Rusiyanın Patriarxı Kiril həzrətlərinə başsağlığı məktubu göndərib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda deyilir:

"Zati-Müqəddəsləri,

Moskva və Bütün Rusiyanın Patriarxı KİRİL Həzrətlərinə

O Bir olan Yaradanın adı ilə!

Zati-Müqəddəsləri!

Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr həzrətlərinin vəfatı ilə əlaqədar Zati-Müqəddəslərinizə və Sizin timsalınızda bütün Pravoslav dünyasına Azərbaycan müsəlmanları adından, şəxsən öz adımdan başsağlığı verirəm.

Aleksandr həzrətlərinin ölüm xəbəri bizi və bu müdrik və çox hörmətli din xadimini tanıyan hər kəsi dərindən kədərləndirdi. Ömrünün böyük hissəsini Aleksandr həzrətləri Azərbaycanda apardığı dini fəaliyyətə həsr etmişdi. Biz Aleksandr həzrətlərinin simasında Azərbaycan xalqının böyük dostu, Azərbaycanı sevən, Yaradanımızın kəlamını insanlara çatdıran, hamı tərəfindən sevilən, möhtərəm bir dini xadimi dost kimi qazandığımıza görə Rus Pravoslav Kilsəsinə minnətdarıq. Rus Pravoslav icmasının rəhbəri olaraq o, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin görkəmli bir üzvü idi və bununla qürur duyurdu. Öz yüksək dini idealları, insani keyfiyyətləri, yüksək tolerantlığı ilə Aleksandr həzrətləri multikultural Azərbaycanda, bütün Qafqazda böyük sevgi, etibar, hörmət və ehtiram qazanmışdı. Fəaliyyəti ilə, şəxsi keyfiyyətləri ilə Rus Pravoslav Kilsəsinin Azərbaycandakı xoşməramlı səfiri kimi qəbul edilmiş Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandrın xatirəsini Azərbaycan xalqı əbədi yaşadacaqdır. Onun əziz xatirəsi daim qəlbimizdə qalacaqdır.

Zati-Müqəddəsləri! Bu kədərli anda, bu ağır itki ilə əlaqədar bizim ən səmimi başsağlığı diləklərimizi qəbul edin. Allah Aleksandr qardaşımıza rəhmət eləsin!".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR