Respublika şahmat məktəbinin yeni binası istifadəyə verilib

Respublika şahmat məktəbinin yeni binası

© APA | Respublika şahmat məktəbinin yeni binası

# 24 iyun 2021 15:27 (UTC +04:00)

Respublika şahmat məktəbinin yeni binasının açılışı və məktəbli şahmatçılar arasında 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunan turnirin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Qarabağ qaziləri, tanınmış şahmatçılar iştirak ediblər.

Təhsil naziri Emin Əmrullayev qonaqlarla birgə məktəbdə yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, məktəbin binası 27 məşğələ, 2 kompüter və 4 müəllim otağı, 1 akt zalı, 1 idman zalı, 1 yarış zalından ibarətdir. Yeni istifadəyə verilmiş binada şahmat idman növü üzrə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi nəzərdə tutulur.

Daha sonra Silahlı Qüvvələr Gününün qeyd edilməsi ilə əlaqədar məktəbli şahmatçılar arasında keçirilən turnirin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev əvvəlcə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbirdə iştirak edən Qarabağ qazilərini təbrik edib, Zəfərin qazanılmasında Ordumuzun roluna diqqət çəkib. Təhsil naziri çıxışında son dövrlərdə təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açıb, şahmat idman növünün yaddaş və intellekti inkişaf etdirməsi, şagirdlərdə qətiyyətlilik, mübarizlik kimi mənəvi keyfiyyətlərin formalaşdırılmasında əhəmiyyətindən danışıb, qalibləri təbrik edib.

Dörd nominasiya üzrə turnirin qalibləri təltif olunub, onlara diplom və medallar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR