Şamaxıda ilkin səhiyyə xidmətinin güclənləndirilməsi üçün səyyar klinikalar fəaliyyətə başlayıb - FOTO

Şamaxıda ilkin səhiyyə xidmətinin güclənləndirilməsi üçün səyyar klinikalar fəaliyyətə başlayıb - FOTO
# 02 iyul 2021 11:25 (UTC +04:00)

ÜST tərəfindən həyata keçirilən “PROACT-Care” layihəsi çərçivəsində ilkin səhiyyə xidmətlərini daha əlçatan etmək və Şamaxının xüsusi ehtiyacı olan kəndlərində fəaliyyət göstərmək üçün 3 səyyar sağlamlıq klinikası (mobil klinika) və 2 yüksək keçid qabiliyyətinə malik avtomobil rayona gətirilərək TƏBİB-ə təhvil verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, səyyar klinikalar vasitəsilə bu ərazilərdə qeyri-infeksion xəstəliklərin vaxtında diaqnozu və nəzarətdə saxlanılması, daha yaxşı ana və uşaq sağlamlığı, infeksiyaların profilaktikası və nəzarəti xidmətlərinin göstərilməsi mümkün olacaq.

Qeyd edək ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Böyük Britaniyanın Bakıdakı Səfirliyi və UHC-Əməkdaşlıq Təşəbbüsünün (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi Şamaxı rayonunda əlçatan, keyfiyyətli, hərtərəfli ilkin səhiyyə xidməti modeli yaratmaqdır. Layihə, eyni zamanda, icmaların daha sağlam həyat sürmələrini və öz sağlamlıqlarına qayğı göstərmələrini dəstəkləyəcək.

ÜST-nin Azərbaycandakı Nümayəndəliyi layihənin icra olunmasında Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Heydər Əliyev Fondu və UNICEF-lə tərəfdaşlıq edir.

Şamaxının Dəmirçi kəndində baş tutan təhvil-təslim mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Səhiyyə nazirinin müavini Rəhim Əliyev, TƏBİB-in sədri Ramin Bayramlı, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov və ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı çıxış edib.

Hande Harmancı vurğulayıb ki, “PROACT-Care” layihəsi ÜST-ün Azərbaycan Nümayəndəliyinin yerli və beynəlxalq tərəfdaşları və donorları ilə birgə hərtərəfli komanda işinin nəticəsidir. Onun sözlərinə görə, səyyar klinikalar təkcə istənilən dayanıqlı səhiyyə sisteminin əsas komponentlərindən olan ilkin səhiyyənin güclənləndirilməsinə xidmət etməyəcək, həm də Şamaxıda COVID-19-a qarşı mübarizədə yardımçı olacaq.

Təhvil-təslim mərasimindən sonra ÜST-nin Şamaxı şəhərində fəaliyyət göstərən təlim mərkəzini ziyarət edən iştirakçılara layihə çərçivəsində həyata keçirilməkdə olan və planlaşdırılan digər tədbirlər barədə məlumat verilib.

Qeyd edək ki, layihə çərçivəsində Şamaxıda yaradılacaq ilkin səhiyyə xidməti modeli gələcəkdə genişləndirilərək bütün ölkədə tətbiq edilmə potensialına malik olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR