Şamaxıda "İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda konfrans keçirilir - FOTO - VİDEO

Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans

© APA | Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans

# 06 dekabr 2021 10:44 (UTC +04:00)

Şamaxı rayonunda İqtisadiyyat Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun və ADA Universitetinin birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans işə başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, AMEA-nın İqtisadiyyat İnstitutunun Baş direktoru, professor Nazim Müzəffərli, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəhbəri Mirəli Kazımov açılış nitqi ilə çıxış edib.

Konfransda elm adamları, iqtisadçılar, bir çox nazirliklərin, komitələrin nümayəndələri iştirak edir.

Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə hər şey sıfırdan başlayaraq qurulmalı olduğundan burada innovativliyi tətbiq etmək daha rahatdır və bunun üçün imkanlar daha çoxdur. Digər tərəfdən, innovativliyin təmin olunmasında həmişə əsas maneələrdən biri olan vəsait çatışmazlığı problemi burada olmamalıdır. Belə ki, təkcə bu il işğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsindən 2,2 mlrd. manat vəsait ayrılıb və gələn il də ən azı eyni məbləğdə vəsaitin ayrılması nəzərdə tutulur. Gələcəkdə bu məbləğin lazım olan qədər artırılacağı, habelə özəl sektor tərəfindən ayrılacaq vəsaitləri və xarici investisiyaları da bura əlavə etsək, bu məbləğin daha çox olacağı gözlənilir.

Nazir müavini qeyd edib ki, ölkə başçısı tərəfindən Qarabağın “Yaşıl zona” elan edilməsi, müasir sənaye parkları və aqroparkların yaradılması, bu ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün xüsusi vergi güzəştləri və azadolmaların tətbiq olunacağının nəzərdə tutulması da əlavə olaraq kifayət qədər böyük imkanlar deməkdir.

O, konfransda bu və ya digər məsələlərin ətraflı müzakirə ediləcəyini bildirib: “Təşkilatçılar pandemiya şəraitini və konfransımızda da innovativ metodlardan istifadə sahəsində nümunə göstərmək istəyini nümayiş etdirərək iclasların internet üzərindən canlı olaraq yayınlanmasını da təmin ediblər və güman edirəm ki, bu, marağı olan daha çox insana konfransımızın gedişini izləmək və öz təkliflərini təqdim etmək imkanı verəcək”.

Sahib Ələkbərov konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, innovativ iqtisadi inkişaf innovasiya axınına, mütərəqqi texnologiyaların geniş tətbiqinə, yüksək əlavə dəyərə malik yüksək texnoloji məhsulların istehsalına və ixracına əsaslanır. İşğaldan azad olunmuş ərazilərdə innovativ kənd təsərrüfatı modellərinin tətbiq olunması, dağ-mədən sənayesinin innovativ texnologiyalar əsasında inkişaf etdirilməsi, müasir texnologiyalara əsaslanan nəqliyyat-loqistika sisteminin qurulması, bərpa olunan enerjidən, yəni günəş, külək, su enerjisindən istifadə etməklə ekoloji tarazlığın təmin edilməsi, müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması və yenidən hazırlanması innovativ iqtisadi inkişafın əsas istiqamətlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR