Səbinə Əliyeva Ermənistan Ombudsmanının BMT-nin İnsan Hüquqları Şurasında səsləndirdiyi bəyanata etiraz edib

Ombudsman Səbinə Əliyeva

© APA | Ombudsman Səbinə Əliyeva

# 22 iyul 2021 17:55 (UTC +04:00)

Bu günlərdə Ermənistan Ombudsmanının Milli İnsan Hüquqları İnstitutu qismində BMT-nin İnsan Hüquqları Şurasınının 47-ci sessiyasında səsləndirdiyi bəyanata Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən etiraz olunub.

Ombudsman Aparatından APA-ya bildirilib ki, Erməni Ombudsmanının beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı həqiqəti əks etdirməyən, siyasi sifarişli, qərəzli bəyanatına etiraz olaraq Müvəkkil BMT-nin Milli İnsan Hüquqları İnstitutları ilə iş üzrə xüsusi bölməsinə ünvanladığı məktubunda BMT-nin İnsan Hüquqları Şurasında müstəqil milli insan hüquqları institutları üçün ayrılan tribunadan qərəzli məqsədlər üçün istifadə edilməsinə yol verilməməsinin vacibliyini vurğulayıb.

BMT Baş Assambleyasının milli insan hüquqları institutlarının statusu ilə bağlı 1993-cü ildə qəbul etdiyi Paris Prinsiplərinin universal prinsiplər olmasını və həmin prinsiplərin bu institutların müstəqil və qərəzsiz fəaliyyətini müəyyənləşdirdiyini vurğulayan Azərbaycan Ombudsmanı Ermənistan hökumətinin siyasi propaqanda vasitəsinə çevrilən Ermənistan Ombudsman İnstitutunun Paris Prinsiplərinə uyğun olmadığını və müstəqil fəaliyyət göstərmədiyini əsas gətirərək bu institutun BMT nəzdində yenidən akkreditasiyadan keçirilməsi və statusunun aşağı salınması məsələsini irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR