Şərq Tərəfdaşlığı Avropa Məktəbində buraxılış tədbiri keçirilib

Şərq Tərəfdaşlığı Avropa Məktəbində buraxılış tədbiri keçirilib
# 22 iyun 2021 18:46 (UTC +04:00)

Şərq Tərəfdaşlığı Avropa Məktəbində ikinci tədris ilinin yekunlarına həsr olunmuş onlayn buraxılış tədbiri keçirilib.

APA-nın xəbərinə görə, onlayn tədbirdə məktəbin altı Şərq Tərəfdaşlığı ölkəsindən olan məzunları, onların valideynləri və müəllimləri, eləcə də Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli, Avropa Komissiyasının Şərq Qonşuluğu proqramının rəhbəri Lourens Meredit, BMT-nin Layihələrə Xidmət üzrə İdarəsinin icraçı direktoru Qrete Faremo və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Gürcüstanın Təhsil və Elm naziri M.Çxenkeli şagirdləri təbrik edib: “İnanıram ki, Şərq Tərəfdaşlığı Avropa Məktəbində yiyələndiyiniz biliklər sizin gələcək nailiyyətləriniz üçün möhkəm təməl rolunu oynayacaq. Siz öz vəzifənizdən müvəffəqiyyətlə gəldiniz! Siz hamınız istedadlı, ağıllı, məqsədyönlü, enerjili və öyrənmək həvəsində olan gənclərsiniz və mən sizə həyatda həm şəxsiyyət, həm də peşəkar kimi uğur qazanmağı arzu edirəm. Keyfiyyətli təhsilə qoyulan sərmayə həyatda ən əsas sərmayələrdən biridir və mən inanıram ki, təhsilin köməyilə siz gələcəkdə heyrətamiz nailiyyətlər qazanacaqsınız".

Avropa Komissiyasının Şərq Qonşuluğu proqramının rəhbəri Lourens Meredit isə bu ilin məzunlarının uğurunun dözüm və qətiyyət nümunəsi olduğunu vurğulayıb: “Onlayn təhsilə keçməyinizə baxmayaraq, üzləşdiyiniz çətinliklərin öhdəsindən gəlməyi bacardınız. Siz dözüm və ruh yüksəkliyi nümayiş etdirdiniz. Yeni məktəb sizə şəxsiyyət kimi formalaşmağa və daha da müstəqil olmağa kömək etdi".

Məktəbdə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna kimi altı Şərq Tərəfdaşlığı ölkəsindən olan şagirdlər təhsil alır. Bu il məktəbi bitirən 34 məzun (onlardan 24-ü qızdır) “Beynəlxalq Bakalavriat” (IB) Diplom Proqramı üzrə təhsil alıb. Onlar ali təhsillərini Avropa, ABŞ və öz doğma ölkələrindəki universitetlərdə davam etdirəcəklər. Məzunların 30 faizi artıq İspaniya, Niderland, Macarıstan, İtaliya, Belçika, Estoniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə, ABŞ və Kanadada yerləşən məşhur universitetlərdən qismən və tam təqaüdlə oxumağa dəvət olunublar.

34 məzun arasında Azərbaycandan iki məzun var. Onlar ali təhsillərini müvafiq olaraq Türkiyənin tanınmış Sabancı Universitetində və Niderland Krallığının Matsrixt Universitetində almağı planlaşdırırlar.

Qeyd edək ki, 2018-ci ildən etibarən icra olunmağa başlayan bu layihə çərçivəsində altı Şərqi Avropa ölkəsinin müxtəlif şəhərlərindən ümumilikdə 105 tələbə Beynəlxalq Bakalavriat Diplom Proqramı üzrə təhsil almaq üçün Aİ tərəfindən maliyyələşdirilən iki illik təqaüdlə təmin olunub. 2021-ci ilə qədər Şərq Tərəfdaşlığı Avropa Məktəbini 64 şagird bitirib. Onlardan 44-ü qız, 20-si isə oğlandır. Beynəlxalq Bakalavriat dərəcəli diplom onlara iqtisadiyyat, biokimya mühəndisliyi, fizika, sosial elmlər, sənət və mədəniyyət, rabitə və media, beynəlxalq əlaqələr, tibb, hüquq, humanitar elmlər və kompüter texnologiyası kimi sahələrdə karyera qurmalarına imkan verəcək. Daha 40 məktəbli ərizə ilə müraciət edərək, yazılı test və şifahi müsahibədən keçdikdən sonra 2021-2023-cü tədris ili üzrə məktəbdə təhsil almaq imkanı qazanacaq.

Şərq Tərəfdaşlığı Avropa Məktəbi Şərq Qonşuluğu regionunda həyata keçirilən əsas layihələrdən biri olaraq Şərq Tərəfdaşlığının 2020-ci il üzrə 20 praktiki nəticələrindən biridir. Avropa İttifaqının altı Şərq Tərəfdaşlığı ölkəsi olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada həyata keçirdiyi bu geniş təşəbbüs orta təhsil sahəsində gənclərin ehtiyaclarını ödəmək məqsədi daşıyır. Aİ-nin bu təşəbbüsü sayəsində altı ŞT ölkəsindən olan orta məktəb şagirdləri "Beynəlxalq Bakalavriat" (IB) Diplom Proqramı və Avropaşünaslıq üzrə yüksək keyfiyyətli təhsil alırlar. Layihə həmçinin tələbələrin təhsil və məşğulluq imkanlarını genişləndirməsi, əməkdaşlığı, çoxmədəniyyətlilik anlayışını, tolerantlığı, fundamental dəyərləri və Aİ, eləcə də onun regiondakı fəaliyyəti haqqında təsəvvürü təşviq etməyə yönəlib.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə Yeni Məktəb - Gürcüstanın Beynəlxalq Məktəbi, Gürcüstan Təhsil və Elm Nazirliyi və Beynəlxalq Bakalavriat Təşkilatı (İB) ilə tərəfdaşlıq çərçivəsində UNOPS tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR