SN: Peyvəndin sonsuzluğa səbəb olduğuna dair yayılan məlumatlar əsassızdır

SN: Peyvəndin sonsuzluğa səbəb olduğuna dair yayılan məlumatlar əsassızdır
# 23 noyabr 2021 13:01 (UTC +04:00)

“COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya, dölə zərər verdiyinə dair yayılan məlumatlar əsassızdır”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov deyib.

Onun sözlərinə görə, hamilə olmağa çalışan qadınlar mövcud COVID əleyhinə peyvənd oluna bilərlər: “Peyvənddən sonra belə hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur”.

M. Qəmbərov qeyd edib ki, koronavirus əleyhinə vaksinlər yeni olduğundan, hamiləlik zamanı COVID-19 peyvəndi alan qadınların körpələrinə uzunmüddətli təsirləri barədə hələlik dəqiq bir məlumat yoxdur, lakin COVID-19 peyvəndləri "canlı" peyvənd olmadığı üçün insanlarda infeksiyaya səbəb ola bilməz: “Bundan başqa, digər canlı olmayan peyvəndlər hamiləlik zamanı qadınlara uzun illər heç bir təhlükəsizlik problemi olmadan vurulub. mRNT vaksinləri də (“Pfizer” və “Moderna”) inyeksiyadan sonra sürətlə parçalanır. 40 000-dən çox hamilə qadını əhatə edən altı ayrı araşdırma göstərib ki, peyvənd hamilə qadınlarda vaxtından əvvəl doğuş, ölü doğuş və körpələrdə anadangəlmə anomaliya riskini artırmır”.

Həkim bildirib ki, ÜST hamiləlik zamanı peyvəndin faydalarının potensial risklərdən daha çox olması qənaətindədir. Hamiləlik zamanı peyvənd tətbiq edən ölkələrin təcrübələri də peyvəndlərin hamilə olmayan qadınlarla oxşar təsirlərə malik olduğunu aşkar edib. İngiltərədəki araşdırmaların nəticələrinə görə COVID-19 peyvəndlərinin hamilə qadınlar və ya körpələr üçün zərəri yoxdur. Bundan əlavə, COVID-19 peyvəndlərinin tərkibindən ana və körpə sağlamlığı üçün təhlükəli hesab edilən inqrediyentlərin olması da təsdiqini tapmayıb: “Peyvəndlərin ana bətnindəki körpəyə COVID-19-a qarşı müəyyən miqdarda anticisim ötürməsi ilə bağlı kifayət qədər araşdırma yoxdur. Yalnız bir qrup hamilə qadında peyvəndin qoruyucu anticisimlərinin plasenta vasitəsi ilə körpəyə keçdiyi və COVID-19-a qarşı immunitetinə kömək etdiyi göstərilib. Ananın immunizasiyası yeni doğulmuş körpəni COVID-19-dan qorumağa kömək etsə də, bu anticisimlərin nə dərəcədə qorunma təmin edəcəyini və ya bu qorunmanın nə qədər davam edəcəyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var”.

M. Qəmbərov qeyd edib ki, ümumiyyətlə, peyvəndlərin yan təsirləri yüngüldür və uzun müddət davam etmir: “Peyvənddən sonra ilk iki gündə ən çox rast gəlinən yan təsirlər yorğunluq, ağrı, titrəmə və inyeksiya edilən qolda ağrı və ya həssaslıqdır. Hamilə olmayan şəxslərdə COVID-19 peyvəndlərinin qızdırma və ya bir neçə gün davam edən əzələ ağrısı kimi yüngül və qısamüddətli yan təsirləri müşahidə olunur. Əgər qızdırma varsa (38°C və ya daha yüksəkdirsə), istirahət edə və hamiləlik üçün təhlükəsiz parasetamol istifadə edilə bilər. Əlavə məsləhət üçün ailə həkiminə və ya ginekoloqa müraciət edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR